ABŞ Prezidenti Co Baydenin Kiyevə gözlənilməz səfəri bütün dünyada böyük əks-səda doğurub.
Britaniya və ABŞ mətbuatı Baydenin Ukraynaya səfərini “Bayden böyük qumar oynadı” kimi təsvir edib və Kiyevə səfərin bəzi təfərrüatlarını açıqlayıb.
Müharibənin ildönümündə Polşaya gedəcəyi açıqlanan, lakin gözlənilmədən Kiyevə gedən ABŞ Prezidenti Baydenin təyyarəsi bazar günü səhər saat 04:15-də havaya qalxdıqdan sonra Ağ Evin Rusiyaya səfərlə bağlı məlumat verdiyi açıqlanıb. ABŞ-ın təhlükəsizlik müşaviri Ceyk Sallivan bu məlumatı təsdiqləyib və Rusiyanı xəbərdar etmə səbəbinin “mümkün münaqişənin qarşısını almaq” olduğunu bildirib.
Britaniyanın “Daily Mail” nəşri Baydenin səfərinin son ana qədər gizli saxlanıldığını yazıb və Prezidentin gizli marşrutunu açıqlayıb. Nəşr yazıb ki, Bayenin təyyarəsi Polşaya uçmazdan əvvəl Almaniyadakı ABŞ bazasından yanacaq götürüb. Baydenin Polşadan Ukraynaya dəmir yolu ilə düz 10 saat səyahət etdiyi bildirilir.
ABŞ-ın “CNN” kanalı xəbər verir ki, Bayden kiçik bir qrupdan ibarət yüksək səviyyəli məsləhətçilər, müxbir və fotoqrafla birlikdə bazar günü saat 4:15-də ABŞ Hərbi Hava Qüvvələrinin C-32 təyyarəsi ilə Vaşinqtondan ayrılıb.
ABŞ-ın “BBC” nəşri iddia edib ki, təyyarədə olan jurnalistlər gizlilik andı içiblər və səyahət öncəsi mobil telefonlarını təhlükəsizlik əməkdaşlarına təhvil veriblər.
Baydenin səfərindən danışan və adının açıqlanmasını istəməyən yüksək səviyyəli bir məmurun sözlərinə görə, Bayden qatarla səyahət əsnasında yatmaqda çətinlik çəkdiyi üçün, bütün vaxtını nitqini hazırlamağa sərf edib.