XƏBƏRLENTİ

xeberlenti.com

“İrandakı etirazların yeni mərhələsi başlayıb, rejim əleyhinə təzyiqlər artır” – ABŞ institutu

“İrandakı etiraz aksiyalarının yeni mərhələsi başlayıb və etirazçıların fəallığı son günlərdə əhəmiyyətli dərəcədə artıb”.

Bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu məlumat yayıb.

Bildirilib ki, fevralın 16-da 15, fevralın 19-da 12, fevralın 20-də 14 və fevralın 21-də isə 7 etiraz aksiyası həyata keçirilib.

Qeyd olunub ki, bu, cari ildə ən yüksək göstəricidir: “Bu fəallığın nə qədər davam edəcəyi məlum deyil. “Vaşinqton Post” qəzetinin yazdığına görə, Məhsa Əmininin doğulduğu Kürdüstan əyalətində etirazçılar növbəti aksiyaya hazırlaşırlar. Etirazçılar təhlükəsizlik qüvvələri ilə mübarizə aparmaq üçün bir sıra vasitələr, o cümlədən “Molotov” kokteyli tədarük etməyə başlayıblar”.

Qərb analitiklərinin fikrincə isə, İran ciddi iqtisadi problemlərlə üzləşməkdə davam edir. Qeyd olunub ki, bu, Prezident İbrahim Rəisi və onun komandasına qarşı artan siyasi hücumları gücləndirə bilər: “Rejimin bir neçə rəsmisi iqtisadi vəziyyətlə bağlı narahatlıqlarını dəfələrlə ifadə ediblər. Etiraz iştirakçıları mövcud rejimə qarşı təzyiqləri artırmaq məqsədilə iqtisadi böhran amilindən istifadə edə bilər”.

Xatırladaq ki, İranda etiraz aksiyaları ötən ilin sentyabrın 17-də 22 yaşlı Məhsa Əmininin ölümündən sonra başlayıb.

About Author