XƏBƏRLENTİ

xeberlenti.com

“Rus ordusu yalnız paradlarda yaxşı görünür” – “Hərbi Hava qüvvələri zəifdir, gəmiləri isə…”

“Rusiyanın Hərbi Hava Qüvvələri zəifdir, gəmiləri isə Qara dənizə çıxmağa qorxur. Rusiya ordusu yalnız hərbi paradlarda yaxşı görünür”. 

Bunu tanınmış “The Conversation” nəşri Ukraynadakı müharibənin bir illiyinə həsr olunan məqaləsində bildirib.

Yazıda hərbi ekspertlərə istinadla bildirilir ki, işğalçılıq müharibəsindən əvvəl Ukrayna Silahlı Qüvvələrinə heç kim stavka etmirdi Rusiya ordusu isə özünü qat-qat üstün, təcrübəli və güclü hesab edirdi. Belə ki, bu ordunun ukraynalılardan fərqli olaraq, Suriya təcrübəsi və digər münaqişə nöqtələrində keçdiyi təcrübələr vardı.

Həmçinin, hesab olunurdu ki, rus ordusu bu illər ərzində durmadan modernləşdirilib: “Lakin müharibə başlayanda məlum oldu ki, rus əsgərləri nə edəcəklərini belə bilmirlər. Çünki hərbi rəhbərlik planlaşdırma və döyüşçülərin hərbi hazırlığı məsələlərini qulaqardına vurmuşdu. Nəticədə Rusiya ordusunun ən elit hərbi desant qüvvələri Qostomel aeroportunda məhv edildi. Ukraynanın müdafiəçilərinə isə bir ay bəs etdi ki, işğalçıları dayandırsınlar və Kiyev ətrafından geri atsınlar”.

Yazıda qeyd olunur ki, rus ordusunun daha bir biabırçı məğlubiyyəti Çerniqov ətrafında baş verib. Belə ki, Çerniqov yaxınlarında Rusiyanın say üstünlüyünə malik olan tank briqadaları azlıqda olan Ukrayna bölmələri tərəfindən darmadağın edildi.

Məqalədə Ukraynadakı savaşın ilk dövrlərini şərh edən mütəxəssislər hesab edirlər ki, eyni biabırçı vəziyyət Rusiya hərbi aviasiyasına da aiddir: ”Belə ki, Ukrayna hava hücumundan müdafiə qüvvələri daha hazırlıqlı təsir bağışladılar və Rusiya aviasiyası onun qarşısında zəif göründü. Bundan başqa, Ukrayna hərbçiləri Rusiya Qara dəniz hərbi donanmasının flaqmanı olan “Moskva” kreyserini batıra və “İlan adası”nı geri ala bildilər. İndi isə Rusiya gəmiləri dənizə yalnız Ukraynanın mülki hədəflərinə atəş açmaq üçün çıxa bilirlər və dərhal geri qayıdırlar”.

Sözügedən yazıda təhlilçilər bildirirlər ki, Rusiya bundan sonra da Ukraynaya “pis təlim keçmiş ət” – yəni, canlı qüvvə göndərməkdə davam edəcək. Belədə isə Qərbin hərbi dəstəyi və ukraynalı hərbçilərə təlim keçməsi həyati əhəmiyyət kəsb edəcək. Çünki Ukrayna Ordusu da öz peşəkar heyətinin bir hissəsini ağır döyüşlərdə itirib.

Yazının sonunda qeyd olunur ki, müharibənin bundan sonrakı gedişi Ukrayna Ordusunun qarşıdakı ən yaxın aylarda Rusiyanın təzyiqlərinə davam gətirməsindən və əks-hücum həmləsindən asılıdır: “Onlar 2022-ci ildəki bir neçə uğurlu həmlələrdən sonra Qərbə göstərməlidirlər ki, Rusiyanın təzyiqlərinə dözməyə, Ukraynanı müfdafiə etməyə və qalib gəlməyə qadirdirlər. Yalnız o zaman müharibənin 2023-cü ildə bitib-bitməyəcəyi məlum olacaq”.

C.Məmmədov

About Author