XƏBƏRLENTİ

xeberlenti.com

UKRAYNA ALİ RADASININ NÜMAYƏNDƏ HEYƏTİ BAKIDA – Xələf Xələfovla görüşüblər (FOTOLAR)

Rusiya işğalına məruz qalan Ukraynanın Azərbaycanla sıx dostluq və əməkdaşlıq münasibətlərinə xidmət edən növbəti addım atılıb. Belə ki, Ukrayna Ali Radasında Azərbaycan Respublikası ilə parlamentlərarası dostluq qrupunun üzvlərindən ibarət nümayəndə heyəti Bakıya rəsmi səfərə gəlib.

Nümayəndə heyətinə parlamentlərarası dostluq qrupunun sədri Volodımır Kreydenko, millət vəkilləri Mikola Qaluşko və Anton Şvaçko, habelə Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Hikmət Cavadov daxildir.

Dünən qonaqların Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski ilə keçirdikləri görüş zamanı parlament diplomatiyası, Ukrayna – Azərbaycan ikitərəfli əməkdaşlığının daha da dərinləşməsi məsələləri müzakirə olunub. Bundan sonra Ukrayna parlamentinin nümayəndələri Xarici İşlər nazirinin müavini Xələf Xələfov tərəfindən qəbul olunublar. XİN rəsmisi bütün beynəlxalq platformalarda Azərbaycanın Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini, Ukrayna xalqına humanitar dəstək göstərdiyini vurğulayıb.

Dostluq qrupunun rəhbəri Volodımır Kreydenko isə azərbaycanlı millət vəkiləri və Azərbaycan hökuməti üzvlərini yaxın vaxtda Ukraynaya səfərə dəvət etdiyini diqqətə çatdıraraq Ukraynanın da Azərbaycanın ərazi bütövlüyünü daim dəstəklədiyini, göstərilən humanitar yardımlara görə minnətdar olduğunu bildirib.

Görüşdə həmçinin, Milli Məclisdə Ukrayna ilə parlamentlərarası dostluq qrupunun sədri Rüfət Quliyev və Ukrayna səfiri Vladislav Kanevski iştirak edib.

Daha sonra Ukrayna nümayəndə heyəti Azərbaycan Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müavini Rəhman Hümbətovla görüşüb. Söhbət zamanı iki ölkə arasında nəqliyyat, logistika, infrastruktur sahələrində qarşılıqlı faydalı əməkdaşlıq məsələləri müzakirə olunub. Səfərin növbəti gün proqramında da iki ölkənin rifahına yönələn qarşılıqlı dəstəyə əsaslanan ikitərəfli layihələrin həyata keçirilməsi məqsədi daşıyan bir sıra mühüm görüşlər nəzərdə tutulur.

About Author