Martın 29-da Cənubi Qafqazda Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına dair iki mərkəzdən məzmunca köhnə, formaca yeni səslər eşidildi.
Birinci: Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin RTVI-a müsahibəsində deyib ki, Kreml Ermənistan-Azərbaycan sərhədində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) missiyasını yerləşdirməyə hazırdır.
İkinci: Moskvada səfərdə olan İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian rusiyalı həmkarı Sergey Lavrovla birgə mətbuat konfransında Zəngəzur dəhlizi layihəsini canlandıracaq regional “3+3” formatının effektivliyinə işarə verdi. Hətta həmin formatda görüşün Tehranda keçirilməsini təklif etdi. Beləliklə, beynəlxalq və regional habda təzyiqlərlə üzləşən İran diplomatik vasitəçi kimi özünü gözə soxmaq istəyir.
Rusiya ilə İranın mövqelərində oxşar və fərqli cəhətlər mövcuddur, bir-birindən aralanan xüsusiyyətlər Zəngəzur dəhlizi ilə əlaqədardır.
Belə ki, İran “3+3” formatını Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasının formulu kimi təqdim edir. Bu təklifini Tehranın Zəngəzur dəhlizinin geostrateji aspektlərinə qarşı çıxmaq formasında əyan edir.
Abdullahianın dilinin altındakı söz budur ki, Zəngəzur dəhlizinin Azərbaycanın şərt və tələbləri əsasında açılması İranın maraqlarına ziddir və Bakı bu xəttindən geri çəkilməlidir.
Deməli, İranın “3+3” üçün baxış bucağı Ermənistan üçün məqbul variant olaraq qalır.
Rusiya isə Zəngəzur koridorunun Ermənistanı cəzalandırmaq mexanizmi kimi Azərbaycan şərtlərinə uyğun inşa edilməsinə qarşı deyil.
Bu, İranla Rusiyanın mövqeyindəki yolayrıcıdır. Oxşar xassələr isə Avropa İttifaqının Ermənistanda yerləşdirdiyi monitorinq missiyası ilə əlaqədar olaraq üzə çıxır, lakin danışıqlardan bir nəticə doğarsa.
Məsələdəki düyünlər çoxqatlıdır, məsələn, İran Avropa İttifaqının missiyasının monitorinqindən həzz alır. Hərçənd ki, başqa vaxt xarici oyunçuların regionda olması İranın sümüklərini sızıldadırdı.
Ancaq İran Avropa İttifaqı missiyasına qarşı səsini çıxarmır. Avropa İttifaqının əsas gücü Fransa Zəngəzur dəhlizinin Azərbaycanın maraqları kontekstində açılmasının əleyhinədir. İran da eyni mövqeni bölüşür və “3+3” formatını dəstəkləməyi dilə gətirməklə missiyanın yerləşdirilməsini yeni tapılmış variant kimi təqdim edir. Yəni İran Avropa İttifaqı missiyasını Tehranın regional siyasətinin yerinə yetirilməsində vasitə kimi görür.
Rusiya ilə danışıqlarda isə mümkündür ki, İran öz ambisiyaları fonunda KTMT qüvvələrinin sərhədə yerləşdirilməsinin öz maraqlarına xidmət etdiyini desin.
Ancaq bu praktikanın gerçəkləşməsi həqiqət kimi səslənmir. KTMT qüvvələrinin sərhəddə xidmət etməsi qurumdaxili kollegial qərardan asılıdır ki, bu nəticəni də əldə etmək çətindir.
Rusiya Azərbaycan-İran münasibətlərinin normallaşmasını da Tehranın maraqları çərçivəsinə salmır, Moskvanın əsas məqsədi Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizini açıq tutmaq, onu daha canlı etmək üçün Bakı ilə Tehranın razılıqları icra etməsinə yönəlib.
PROQNOZ
Tehran Rusiya ilə İranın ikitərəfli təhlükəsizlik əlaqələrini intensivləşdirəcək strateji və uzunmüddətli əməkdaşlıq planını Azərbaycan əleyhinə yönləndirməyə çalışacaq.
Rusiyanın buna hazırlıqları Ukraynadan Suriyaya uzanan uzun bir cəbhədəki hadisələrin nəticələrindən asılı olacaq.
Böyük ölçüdə Rusiyanın Zəngəzur dəhlizinə qarşı mövqeyə keçəcəyi gözlənilmir, lakin taktiki gediş kimi İranın xeyrinə bəzi addımlar ata və ya ən azından, belə görüntü yarada bilər.
Aqşin Kərimov