“Zəngəzur dəhlizi layihəsinin reallaşmaması Ermənistanla deyil, İranla bağlıdır”.
Xeberlenti.com “TRT Haber”ə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, İranın mövqeyi həm Türkiyəni, həm də Azərbaycanı narahat edir: “Bu problemin ən yaxın zamanda həll olunacağını arzulayıram”.
“Burada İranın belə bir davranış nümayiş etdirməsi həm Azərbaycanı, həm də bizi üzür. Əslində onları da üzməlidir. Arzu edirəm ki, qısa zamanda bu problemi həll edərik. Buna müsbət yanaşsalar, bu gün həm quru yolu, həm də dəmir yolu ilə Türkiyə-Azərbaycan-İran bir-biri ilə bütövləşər və bəlkə də “Pekin-London xətti” da açılmış olar” – deyə, o əlavə edib.
O bildirib ki, Cənubi Qafqazda sülh üçün imkan yaranıb: “Azərbaycanla Ermənistan arasında sülh prosesi Türkiyə ilə Ermənistan arasındakı əlaqələrə də müsbət təsir edəcək.Azərbaycanda olanda həmkarım İlham Əliyevlə Ermənistanla münasibətlərin normallaşmasına dair müzakirələr apardıq. Artıq regionda sülh üçün imkan yaranıb. Bu fürsətin əldən verilməməsi üçün bütün tərəflər məsuliyyətli davranmalıdır”.