Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Cəbrayıl rayonu, Şükürbəyli kəndi ərazisində güclü yağış səbəbindən yaranan sel axınında bir nəfərin minik avtomobilində köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Nazirlikdən verilən xəbərə görə, məlumatla əlaqədar dərhal FHN Dövlət Yanğından Mühafizə Xidmətinin Cəbrayıl Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri hadisə yerinə cəlb ediliblər.
Hadisə yerində operativ olaraq əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, idarə etdiyi VAZ-2106 markalı minik avtomobili ilə sel axınına düşən Türkiyə Respublikasının vətəndaşı, 1975-ci il təvəllüdlü Aksut Yusufun həyatı üçün təhlükə yaranıb.
Yanğınsöndürənlər operativ olaraq Aksut Yusufu sel sularından xilas edərək təhlükəsiz əraziyə təxliyə ediblər.