“Putin Priqojin haqqında danışarkən tir-tir əsir və onun adını çəkmir. Eynilə Navalnı kimi. Bu, Putinin düşməninin ali dərəcəsini göstərir”.
Bunu tanınmış publisist və politoloq Andrey Piontkovski Priqojinin hərbi qiyamını və ondan sonra baş verənləri şərh edərkən deyib.
Doğrudan da, Putinin Priqojinin adını çəkməməsi olduqca əlamətdar psixoloji məqamdır və onun daxili qorxularının, eləcə də hədsiz nifrətinin və bu nifrəti real əmələ çevirə bilməmək acizliyinin təzahürüdür. Bəli, Putini indiyə kimi Priqojin qədər aşağılayan olmayıb. İllər öncə Türkiyə səmasında Rusiya hərbi təyyarəsinin vurulması, eləcə də görüşlərin birində Ərdoğanın onu gözləməyə vadar etməsi Putinin aşağılanmasına dair nadir hallar sayılırdı. Ancaq Priqojinin etdiyi elə bir ağır zərbə oldu ki, bunun sarsıdıcı gücünü Putinin dünyadakı ən açıq və gizli tərəfdarları belə etiraf etməli oldular.
Məsələn, sabiq ABŞ Prezidenti, Putini göylərə qaldırmaqdan həzz alan, onunla yaxın münasibətlərdən qürrələnən və hazırda da hakimiyyətə can atan Donald Tramp bu qiyamın Putini zəiflətdiyini deyib: “Deyərdim ki, o, ən azından çox insanların düşüncəsində zəifləyib”.
Piontkovski isə Putinin zəifləməsini və Priqojinin üstün durumunu belə izah edib: “Putin hakimiyyətinin zəifləməsinin ən böyük sübutu nədir? Ən böyük sübut odur ki, Priqojin sağdır! Sadəcə, sağ deyil, həm də hərəkətdədir. Kremlin bütün təbliğat maşını Priqojini satqın kimi təqdim etdiyi halda o, hakim rejimin aparıcı siyasətçilərilə, oliqarxlarla görüşür. Bu gün hətta Putin Priqojini həbs etmək əmri versə belə, bu əmrin yerinə yetirilməməsi ehtimalı var”.
Doğrudan da, hazırda Priqojini həbs edəcək, cəzalandıracaq qüvvə varmı?
Priqojin Belarusda qaldıqca, Lukaşenko buna imkan verməz və əlbəttə ki, “Vaqner” başçısının Belarus ərazisində tək, yaxud 3-5 cangüdəniylə yaşadığı da qətiyyən inandırıcı deyil. Sözsüz ki, onun mühafizəsi çoxsaylı “vaqnerçilər” tərəfindən yüksək səviyyədə təşkil olunub.
Onun hətta Sankt-Peterburqa, Moskvaya səfərlər etdiyi barədə iddialar belə var. Bu xəbərlər inandırıcı görünməyə bilər, ancaq fakt odur ki, hazırda Rusiyada Priqojini ələ keçirə, həbs edə və cəzalandıra biləcək güc strukturunun mövcudluğu sual altındadır.
Putinə nisbi sadiqliyini saxlayan keşmiş cangüdəni Viktor Zolotvun “Rosqvardiya”sının indiyə kimi ən böyük “qəhrəmanlığı” dinc aksiyaları dağıtmaq, müdafiəsiz insanları əzmək olub. “Tik-tok qəhrəmanları” olan “kadırovçular” isə nəyə qadir olduqlarını Priqojin Rostovda olanda göstərdilər. Odur ki, bu qüvvələrin böyük döyüş təcrübəsinə və bacarığına malik peşəkar “vaqnerçilər”lə döyüşdə qələbə şansı sıfra yaxındır. Məhz buna görə hələ qiyma günündə ekspertlərin əksəriyyəti Priqojinin sialhlı kolonunun qarşısının yalnız aviazərbələr və raket zərbələri ilə alına biləcəyini söyləyirdilər.
Bəs Rusiya hərbi hava qüvvələrinin komandanı kimdir? Sergey Surovikin. O Surovikin ki, Priqojinin adamı hesab olunur və hazırda barəsində araşdırma aparıldığı, həbs edildiyi barədə rəsmən təsdiq olunmayan məlumatlar dolaşır.
Rusiya mətbuatında gedən məlumatrlara görə, Surovikinin hətta şəxsi “Vaqner” jetonu və nömrəsi var. Onu da xatırladaq ki, bu ilin əvvəlinə qədər Rusiya Müdafiə nazirinin müavini vəzifəsini daşıyan general Mixail Mizintsev hazırda “Vaqner”-in belə demək mümkünsə, Baş Qərargah rəisidir…
Yeri gəlmişkən, “Vaqner”-in guya Priqojindən alındığı və ona qarşı çıxdığı, Müdafiə Nazirliyinə tabe etdirildiyi barədə məlumatlar öz təsdiqini tapmır. Əksinə, məlum olub ki, “Vaqner” üzvlərinin cəmi 1 faizi Müdafiə Nazirliyi ilə müqavilə bağlamağa razılaşıblar. Qalanları isə Priqojiniə sədaqətini saxlayır, onların gələcək taleyi və mümkün fəaliyyəti isə heç də Kremlin iradəsinə tabe olacaq kimi görünmür…
“Vaqner”-in maliyyələşdirilməsinə gəlincə, mütəxssilər qeyd edirlər ki, Kreml sözdə bu təşkilata maliyyə ayırmayacağına eyham vursa da, hərbi qruplaşmanın fəaliyyət göstərdiyi Afrikadan və Yaxın Şərqdən maliyyə axını davam edir. Qeyd olunur ki, Putin həmin dövlətlərə öz adamlarını göndərsə də, Afrika ölkələrinin liderləri Priqojinlə işləməkdə davam edirlər. Çünki indiyə kimi onların hakimiyyətinin, şəxsi təhlükəsizliyinin və gəlirlərinin saxlanmasında məhz Priqojinin adamlarının xüsusi rolu olub. Sahədəki “vaqnerçilər” Priqojindən başqa heç kimi tanımırlar, heç kimə tabe olmurlar. Kremlin onları əvəz edəcək xüsusi təyinatlı, təcrübəli qüvvələri isə sadəcə, yoxdur…
Artıq Priqojinin Rusiya ordu və güc strukturları rəhbərləri, oliqarxları, siyasi elitası ilə sıx əlaqələrə, hətta himayədarlara malik olduğu heç kimdə şübhə doğurmur. Rusiyanın gələcək taleyində mühüm rol oynayacaq bu adamların gözündə isə Putin zəiflədikcə, Priqojin yüksəlir. Odur ki, Priqojinin hərbi qiyamının guya qurama olduğu, Putinlə razılaşdırılaraq təşkil olunduğu və sair bu qəbildən olan iddialar gülməli və çürükdür.
Nəticə etibarilə Putinin yeganə xilas yolu Priqojini məhv etməkdir. O, sağ qaldıqca təhlükəlidir. Ona görə hazırda bir çox ekspertlər qiyamın fiziki olaraq yarımçıq qaldığını bildirsələr də, mahiyyət etibarilə hələ bitmədiyini deyirlər. Qeyd edirlər ki, Priqojinin məskunlaşdığı bildirilən Belarusdan Moskvaya, Kremlə qədər məsafə daha yaxındır, nəinki Rostovdan…
Cəlal Məmmədov