XƏBƏRLENTİ

xeberlenti.com

GENERALIN KÖMƏKÇİSİ MƏHKƏMƏ QARŞISINA ÇIXARILIR – “Tərtər işi” ilə bağlı DƏHŞƏTLİ FAKTLAR

Yaxın vaxtlarda “Tərtər işi”nə daxil olan yeni bir qrupun işi üzrə daha bir məhkəmə prosesi başlayacaq. Artıq iş üzrə istintaq başa çatıb. Cinayət işinin materialları yaxın günlərdə baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndəriləcək.

AzPolitika.info” “musavat.com”-a istinadla xəbər verir ki, bu qrupda mühakimə olunanlar sırasında general Hikmət Həsənovun hüquq məsələləri üzrə köməkçisi Fuad Ağayev də var. Onunla yanaşı, Cümşüd Qurbanov, Cavid Ağadadaşov, Fuad Axundov da məhkəmə qarşısına çıxarılacaqlar.

Fuad Ağayevin digər qrupların işi üzrə məhkəmə proseslərində dindirilməsinin israrla tələb edilməsi təsadüfi deyil. Çünki bir çox hərbçilər H.Həsənovun ona verdiyi göstərişlər əsasında xidmət yerlərindən işgəncə verilən tikililərə aparılıb, orada dəhşətli işgəncələrə məruz qalıblar. Hikmət Həsənovun köməkçisinin adı hazırda Sumqayıt Məhkəmə Kompleksində davam edən general Bəkir Orucov və digərlərinin cinayət işi üzrə keçirilən məhkəmə prosesində işgəncələrə rəhbərlik edənlər sırasında hallanır. Məsələn, həmin iş üzrə təqirləndirilən şəxslərdən olan Müdafiə Nazirliyinin Hüquq İdarəsinin təhqiqat şöbəsinin baş zabiti, təhqiqatçısı vəzifəsində çalışmış İntiqam Məmmədov Fuad Ağayevin işgəncələrdə iştirakı barədə ifadə verib.

 

 

Həmin ifadəsində İntiqam Məmmədov bunları bildirib:“2017-ci ilin may ayında Müdafiə Nazirliyinin Hüquq İdarəsinin baş təhqiqatçısı, ədliyyə mayoru vəzifəsində xidmət edirdim. Həmin vaxt xidmət etdiyim şöbənin rəisi, ədliyyə polkovniki Elçin Əliyev, idarənin rəisi isə polkovnik Rauf Kişiyev olub. Hadisələrlə bağlı deyə bilərəm ki, təxminən 6 may 2017-ci il tarixdə ədliyyə polkovniki Rauf Kişiyev məni və Elçin Əliyevi yanına çağırdı. 1-ci Ordu Korpusunun tabeçiliyində olan hərbi hissələrin şəxsi heyəti arasında düşmən qüvvələri ilə əməkdaşlıqda şübhəli bilinən hərbi qulluqçuların aşkar edildiyini, bununla bağlı araşdırma aparılmağa başlandığını dedi. Ordu korpuslarının təhqiqatçılarından qruplar yaratmaqla həmin hadisələrlə bağlı araşdırma aparılmasına zərurət olduğunu bildirdi.

Rauf Kişiyevin göstərişi əsasında tanıdığım hüquqşünaslardan 2-ci təhqiqat bölməsinin təhqiqatçıları Şahin Cəfərov və Rahib Məmmədovu, 6-cı təhqiqat bölməsinin təhqiqatçısı Təbriz Akbayev və Ruslanı, 1-ci təhqiqat bölməsindən Emil Eyvazov, 8-ci təhqiqat bölməsindən Nahid Məmmədov və adlarını xatırlamadığım digər təhqiqatçıların ad-soyadlarını bildirməklə yaradılacaq qrupun tərkibinə daxil edilməsini təklif etdim. Rauf Kişiyev təhqiqatçıların adlarını Silahlı Qüvvələrin Baş Qərargah rəisi Nəcməddin Sadıkova bildirdi, bununla bağlı əmr tərtib edilməklə həmin gün bölmələrə məlumat verildi.

7 may 2017-ci il tarixdə saat 10 radələrində N saylı hərbi hissənin Tərtərin Şıxarx qəsəbəsində olmaları diqqətlərinə çatdırıldı. 7 may 2017-ci il tarixdə səhər saatlarında Elçin Əliyevə məxsus avtomobildə Elçin Əliyev, Rauf Kişiyev və mən birlikdə hərbi hissənin Şıxarx qəsəbəsində yerləşən bölməsinə getdik. Həmin bölmənin inzibati binalarına çatmağa təxminən 100-150 metr ara məsafə qaldıqda avtomobil yolunda hərbi qulluqçulardan bir neçə dənə post qurulmasına şahid olduq. 1-ci mühafizə postuna yaxınlaşdıqda orada başında maska olan 1-ci Ordu Korpusunun hərbi qulluqçularının geyimində olan şəxs maşını saxladı və hara getdiyimizi soruşdu.

Avtomobildə Hüquq İdarəsinin rəisi Rauf Kişiyevin olduğunu və əraziyə daxil olmağa icazə verməsini istədim, lakin həmin şəxs onları buraxa bilməyəcəyini, F. Ağayevin icazəsindən sonra onları buraxa biləcəyini dedi. F. Ağayevi tanıdığımdan telefonla ona zəng etdim. Dedim ki, postda hörmətsizlik edirlər, Rauf müəllimi postda gözlədirlər.

Bunu irad olaraq F. Ağayevə dedim. O isə tənə ilə “bəlkə başınıza silah söykəyiblər, mən tapşırmışam xəbər etmədən heç kimi əraziyə buraxmasınlar” deyərək, “indi buraxarlar” əlavəsini etdi. 

Bundan sonra bizə icazə verildi. Növbəti postlarda da saxlatdırıb sənədləri yoxladılar. Ərazidə inzibatı binaların qarşısında başında maska olan SAT-ın çoxlu sayda hərbi qulluqçuları vardı. Həmin hərbi qulluqçulara Cəfər Seyidov nəzarət edirdi.

İnzibatı binaların içəri hissələrindən isə işgəncə verilməsi barədə səslər eşidilirdi. İnzibatı bina ilə üzbəüz ağaclıq sahədə l-ci Ordu Korpusunun komandiri, general-mayor Hikmət Həsənovu, müavini polkovnik Babək Səmidlini, hüquq məsələləri üzrə köməkçi, ədliyyə mayoru Fuad Ağayevi, Müdafiə Nazirliyinin Xüsusi Təhlükəsizlik İdarəsinin rəisi polkovnik Ramin Əskərovu, l-ci təhqiqat bölməsinin rəisi Fərid Dəmirovu gördüm. Ərazidə başqa vəzifəli şəxslər də vardı, lakin həmin hərbi qulluqçular adlarını və rütbələrini sökdüyündən kimliklərini bilmədim.

Həmçinin yuxarıda adlarını qeyd etdiyim təhqiqatçılar da əraziyə gəlməklə bizi gözləyirdilər. Rauf Kişiyev ilkin olaraq general-mayor Hikmət Həsənova yaxınlaşdı, ona araşdırmanı kimin aparmasını, bununla bağlı aparılan araşdırmanın sənədləşdirilib-sənədləşdirilməməsini soruşdu. H. Həsənov da araşdırmanın şifahi formada şübhəli şəxslərin dindirilməsindən ibarət olduğunu, bununla bağlı hər hansı sənədləşmə işlərinin aparılmadığını bildirdi. 

 

 

R. Kişiyev zor tətbiq edilmə ilə şübhəli şəxslərin izahat və ifadələrinin alınmasının qanunsuz olduğunu bildirməklə, prokurorluq nümayəndələrinin harada olmasını yenidən H. Həsənovdan soruşdu. H. Həsənov isə şifahi formada SAT-ın hərbi qulluqçularının şübhəli şəxsləri dindirdiklərini, bu dindirmələrə 2017-ci ilin may ayının ilk günlərindən başlanıldığını, prokurorluq nümayəndələrinin həmin müddətdə əraziyə gəlmədiyini, hər hansı şəxsdən izahat və ifadə alınmadığını, prokurorluqda öz xidməti fəaliyyətləri ilə məşğul olduqlarını dedi.

R. Kişiyev H. Həsənovun dediklərinə əsəbləşərək aparılan araşdırmanın əsassız olmasını, bununla bağlı prokurorluq nümayəndələrini əraziyə dəvət edəcəyini söylədi. Bundan sonra Rauf Kişiyev Fuad Ağayev də daxil olmaqla, təhqiqatçıların hamısını bir yerə toplayıb iclas keçirdi.

Həmin iclas zamanı Fuad Ağayevi danlayaraq “Hikmət Həsənov hüquqşünas deyil, sən ki, hüquqşünassan, belə qanunsuz hərəkətlər etmək olmaz, prokurorluğu çağırmaq lazım idi, aparılan araşdırma üzrə yazılı formada izahat və ifadə almaq lazım idi” dedi.

Bizə isə otaqla təmin edilməyənə kimi hər hansı şəxsin izahatını almamağı, lakin aparılan dindirmələri ümumi formada müşahidə edərək hadisələr barədə məlumat toplamağı, işgəncə verən şəxslərə hər hansı məsələdə müdaxilə etməməyi, hər hansı şəxsə qarşı zor tətbiq etməməyi tapşırdı.

 

 

Ərazini tərk edərək prokurorluq nümayəndələrini dəvət etmək üçün Tərtər Hərbi Prokurorluğuna gedəcəyini bildirdi. Rauf Kişiyev ərazini tərk etdikdən sonra biz işgəncə verilən inzibati binaya daxil olduq. Orada müxtəlif otaqlarda çoxlu sayda əlləri və gözləri bağlı vəziyyətdə olan hərbi qulluqçuların saxlanılmasına, həmin hərbi qulluqçuların düşmən qüvvələri ilə əməkdaşlıqda, əsgərləri və hərbi məlumatları düşmən qüvvələrini pul qarşılığında satmaqda şübhəli bilinmələrinə, bu şübhələr əsasında dindirildikləri zaman onlara SAT-ın başında maska olan hərbi qulluqçuları tərəfindən sillə, təpik və yumruq zərbələri vurulmasına, habelə “KPM-17″ markalı avtomobili ilə bədənlərinə elektrik cərəyanı verilməsinə şahid oldum. Ceyhun Seyidov, Fuad Ağayev və Hikmət Həsənov müəyyən vaxt aralıqları ilə inzibati binalara daxil olaraq işgəncə verilən şəxslərə etiraf etmələrini söyləyir, habelə SAT-ın hərbi qulluqçularına da etiraf edənə kimi onlarla məşğul olmalarını tapşırırdılar”.

İntiqam Məmmədov ifadəsinin davamında bildirib ki, işgəncə altında olan şəxsi heyətdən bəziləri düşmən qüvvələri ilə əməkdaşlıq etdiklərini deyib.

O,bildirib ki, SAT-ın hərbi qulluqçuları da yuxarıda qeyd etdiyi formada işgəncəni verməklə düşmən qüvvələri ilə əməkdaşlıqlarını etiraf etmələrini tələb ediblər. İntiqam Məmmədov N saylı hərbi hissənin hərbi qulluqçularının da əvvəl Şıxarx qəsəbəsində dindirilmələrə cəlb edilməsini, daha sonra SAT-ın hərbi qulluqçularının onları əvəzləşdirməsini eşidib.

O və digər hüquqşünaslar bu formada aparılan sorğulama prosesini müşahidə edib, lakin hər hansı məsələyə müdaxilə etməyiblər. Ceyhun Seyidovun şəxsən özünün hər hansı hərbi qulluqçunu döyməsini görməsə də, onun başı və əlləri bağlı olan şəxslərin bir otaqdan digər otağa aparılmasını, zor tətbiq edilmələrini təmin etməsini görüb və şahid olub. Bundan əlavə, əraziyə də gün ərzində mütəmadi olaraq dindirilmə üçün başı və əlləri bağlı vəziyyətdə olan hərbi qulluqçular gətirilib. Həmin dindirilmələr zamanı o, N saylı hərbi hissənin bir nəfər hərbi qulluqçusunun işgəncə zamanı bölüyün hərbi qulluqçularını düşmən qüvvələrinə satmasını və aldığı pulun bir hissəsini isə şəxsi heyətlə iş üzrə müavinə verməsini deməsinə şahid olub.

Həmin hərbi qulluqçunun dediyi 2-ci tabor komandirinin müavininin gətirilməsi üçün H.Həsənova yaxınlaşaraq bildirmiş, H. Həsənov həmin vaxt ona bu məsələləri Fuad Ağayevə tapşırdığını, hərbi qulluqçuların dindirilmə üçün gətirilmə məsələsini sonuncunun həll edəcəyini söyləyib. O da bundan sonra Fuad Ağayevin yanına gedərək N saylı hərbi hissənin 2-ci taborunda xidmət edən şəxsi heyətlə iş üzrə komandir müavini gətirməsini, generalın bu barədə məlumatı olmasını bildirib. Həmin gün ərazidə olduğu zaman dəqiq xatırlamadığı tarixdə bir nəfər mayor rütbəli hərbi qulluqçunun hərbi hissəyə gəldiyini görüb, həmin hərbi qulluqçu əraziyə gəldikdən sonra SAT-ın hərbi qulluqçuları mayorun əllərini və gözlərini bağlayıb təpik zərbələri vurmaqla dindirmə aparılan inzibati binanın ikinci mərtəbəsinə aparıblar. O da həmin vaxt gətirilən şəxsin kimliyini bilməyib, lakin həmin şəxslə bağlı bir müddət sonra zabitin pul verdiyi komandir müavini olduğunu öyrəndikdə çağırdığı hərbi qulluqçu olduğunu anlayıb yanına gedib.

İntiqam Məmmədov ifadəsinin davamında deyib ki, dindirmə zamanı hərbçilərin döyülməsini, bədənlərinə elektrik cərəyanı verilməsini SAT-ın hərbi qulluqçuları Cəfər Seyidovun nəzarəti altında icra ediblər. Onlara sorğuda hansı sualların verilməsini, ümumilikdə hansı mövzu üzrə dindirilməsini Fuad Ağayev tapşırıb, Hikmət Həsənov da bu məsələlərdə Fuad Ağavevə göstərişlər verməklə ümumi olaraq aparılan dindirmələrə, işgəncə proseslərinə nəzarət edib.

About Author