XƏBƏRLENTİ

xeberlenti.com

“İctimai şuralar hansısa nazirə dəstək şurası deyil” – “Bu ideyanı tamamilə gözdən salmaq xoşagələn bir hal deyil…”

“İctimai şuralar “İctimai İştirakçılıq haqqında” qanunun tələblərinə görə formalaşıblar, amma zaman göstərdi ki, bunun mahiyyəti doğru anlaşılmadı. Əslində bu hansısa nazirliyin və ya icra hakimiyyəti orqanının tərkibində məsləhət və ya məşvərət şurası deyil, yaxud hansısa nazirə dəstək şurası nəzərdə tutulmayıb”.

Bunu millət vəkili Fazil Mustafa bildirib.

“Orada olan proseslər ictimaiyyətin marağı baxımından müzakirə olunmalı və ictimai təmsilçiliyin təmin olunması vasitəsilə edilməlidir. Ona görə də burada bütün məsələlər qanunvericiliyə uyğun həllini tapmalıdır. Əks halda bu şuraların fəaliyyət göstərməsinin elə bir ciddi mənası qalmaz” – deyə, deputat əlavə edib.

Millət vəkili bildirib ki, son vaxtlar ictimai şuraların fəaliyyəti ilə bağlı nöqsanların dilə gətirilməsi, orada olan şəxslərin koorporativ maraqlardan çıxış edərək, tamamilə özünün hansı funksiya ilə təmsil olunmasını unutması özü də ciddi narahatçılıq doğurur: “Bu ideyanı tamamilə gözdən salmaq, ictimai şuraları nüfuzdan salmaq, açığı xoşagələn bir hal deyil. Çünki həmin qurumlarda fəaliyyət göstərən bu şuralar bilavasitə həmin qurumların cəmiyyətlə işini, toplumla ünsiyyətini artırma məqsədi güdməlidirlər”.

F.Mustafa hesab edir ki, bir sıra məsələlərdə də cəmiyyətin dəyərlərini orada prinsipial olaraq qorumaq funksiyasını yerinə yetirməidirlər.

“Amma heç bir ciddi təşəbbüs, müzakirə və yeniiliklərə imza atmayan addımlar atılır. Yalnız həmin qurumda olan vəzifəli şəxslərə öz maraqlarını təmin etmək üçün bu qurumdan istifadə edən ayrı-ayrı müəyyən şəxslərin də fəaliyyəti cəmiyyəti həqiqətən də narahat edir. Ona görə “İctimai iştirakçılıq haqqında” qanunun tələblərinə yenidən baxmaq lazımdır” –deyə, millət vəkili vurğulayıb.

Deputat onu da qeyd edib ki, bu cür fəaliyyət göstərən ictimai şuraların mənasızlığı və əhəmiyyətsizliyi müzakirə olunmalıdır. Onun sözlərinə görə, burada həmin nazirliyin, yaxud icra hakimiyyətinin özü də maraqlı olmalıdır ki, ictimai şuralar obyektiv bir qurumlar kimi fəaliyyət göstərsin.

“Əks halda bu ideyanın bir mənası qalmayacaq və sonradan bu, qanunu dəstəkləyənlər üçün də müəyyən dərəcədə xəyal qırıqlığına çevriləcək” –deyə, Fazil Mustafa əlavə edib.

Millət vəkili hesab edir ki, bu məsələdə nazirliyin, yaxud icra hakimiyyətinin özü maraqlı olmalıdır ki, ictimai şuralar obyektiv qurum kimi fəaliyyət göstərsin.

Xatırladaq ki, dövlət qurumları yanında ictimai şuraların effektiv fəaliyyəti tanınmış təhsil eksperti, millət vəkili Etibar Əliyevin Təhil Nazirliyi yanında İctimai Şuradan istefası ilə gündəmə gəlib. Millət vəkili Təhsil naziri ilə yazışmasının nazirliyə yaxın saytlarda yayımlanmasına etiraz edib və bu məsələnin İctimai Şurada müzakirə olunmasını təklif edib.

“İctimai Şura üzvləri mənim bu təklifimi kənara qoyub nazirin söylədiyi “yaşı 25-dən yuxarı gənc olmayan adamların 60 faizi oxuduğu mətndə əsas fikri başa düşmür” fikrinə münasibətimi pislədilər və ifrat dərəcədə nazirin müdafiəsinə qalxdılar. Şura üzvlərinin bu hərəkəti “İctimai iştirakçılıq haqqında qanun”un fəlsəfəsinə ziddir. … Müzakirə bir daha göstərdi ki, İctimai Şura yalnız bir adamın (Emin Əmrullayevin) təsiri altındadır və onun müdafiəsi ilə məşğul olur. Şura üzvlərinin nazir tərəfindən təlimatlandırılması isə açıq şəkildə görünürdü”, – Etibar Əliyev bildirib.

Rasim Əliyev

About Author