ABŞ-ın keçmiş prezidenti Donald Tramp seçki kampaniyası videosunda bildirib ki, yenidən seçiləcəyi təqdirdə, Vaşinqtonun Rusiyaya qarşı müharibədə Ukraynaya verdiyi silah ehtiyatlarının bərpası üçün Avropadan ödəniş tələb edəcək.
Bu barədə “Yevropeyska pravda” məlumat yayıb.
Çərşənbə axşamı yayımlanan videoda Tramp deyib: “Üç ildən az bir müddət əvvəl mən Birləşmiş Ştatların ordusunu tamamilə yenidən qurdum və Amerikanı belə güclü qlobal vəziyyətə saldım”.
“29 aydan sonra arsenallar boşdur, ehtiyatlar tükənib, xəzinə tükənib, hərbçilərin sıraları azalıb, ölkəmiz tamamilə alçaldılıb və bizim III Dünya müharibəsinə sürükləyən korrupsioner, özünü ifşa etmiş, dələduz prezident Co Baydenimiz var”, deyə o əlavə edib.
Tramp Amerikanın avropalı müttəfiqlərini Ukraynaya yardımın cüzi bir hissəsini verməkdə ittiham edib. O, Bayden administrasiyasını hələ də pulun geri qaytarılmasını istəmədiyinə görə tənqid edib.
“Avropadan Ukraynaya göndərilən silah ehtiyatlarının bərpası üçün çəkilən xərclərin bizə ödənilməsini xahiş edəcəm. Onlar bunu indi etməlidirlər, lakin Co Bayden çox zəifdir, ona hörmət edilmir və o, hətta bunu tələb edə də bilməz”, deyə Tramp bildirib.
Tramp həmçinin Kiyevi kaset sursatları ilə təmin etmək qərarını tənqid edərək, Baydeni “ölkəni III Dünya Müharibəsinə daha da cəlb etməkdə” günahlandırıb.
“Mən Ağ Evə qayıdanda, ilk gün biz Amerikanın maraqlarını birinci yerə qoyan beynəlxalq siyasətə qayıdacağıq. Amerikanın Şərqi Avropada əsas marağı sülh və sabitlikdir. Biz insanların ölməsinin dayandırmasını istəyirik”, deyə Tramp qeyd edib.