Macarıstanın paytaxtı Budapeştdə keçirilən güləş üzrə reytinq turnirinə yekun vurulub. Reytinq turnirinin qalibləri arasında azərbaycanlı güləşçi Həsrət Cəfərov da (67 kq) yer alıb.
O, qazaxıstanlı Din Qoşqara (12:3), rumıniyalı Mihay Mihuta (3:1) və koreyalı Hansu Ryuya (5:1) qalib gələrək finala yüksəlib. Həsrət həlledici görüşdə Avropa çempionatının finalında məğlub etdiyi gürcüstanlı Coni Xetsuriani ilə qarşılaşıb. Bu dəfə də rəqibindən güclü olan Cəfərov 6:1 hesablı qələbəylə turnirin baş mükafatına yiyələnib.
Azərbaycanın Paris olimpiadasında böyük ümidlər bəslədiyi Həsrət Cəfərov hisslərini bölüşüb:
“Yarışa yaxşı hazırlaşmışdım. Turnirdə yetərincə güclü idmançılar çıxış edirdi. 4 görüş keçirdim. Çətin görüşlərim oldu. Rəqiblərimdən biri olan koreyalı güləşçi ikiqat dünya çempionu idi. Finalda isə gürcü idmançıya qalib gəldim. Artıq 4-cü dəfə idi onunla qarşılaşırdım. Bir-birimizin güləş fəndlərinə bələdik. Ona görə görüş biraz çətin keçdi. Ancaq buna baxmayaraq, Allaha şükürlər olsun ki, qalib gəldim. Hazırda Macarıstanda təlim-məşq toplanışı keçirik. Dünya çempionatı çətin olacaq. Ona görə də yaxşı hazırlaşmaq lazımdır”.
Qeyd edək ki, Paris-2024 Yay Paralimpiya Oyunların 28 avqust-8 sentybar tarixləri arasında keçiriləcək.