XƏBƏRLENTİ

xeberlenti.com

Coğrafiya İnstitutunun alimi vəfat edib

Tanınmış geomorfoloq alim, AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun Geomorfologiya və təbii risklər şöbəsinin müdiri, coğrafiya üzrə fəlsəfə doktoru, dosent Rəfael Abdullayev ömrünün 74-cü ilində vəfat edib.

İnstitutdan  verilən xəbərə görə, Rəfael Seyfəl oğlu Abdullayev 1949-cu il-də Qax rayonunun İlisu kəndində anadan olub. 1968-ci ildə Bakı Politexniki Texnikumunu «Sənaye və mülki tikinti» ixtisası üzrə bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin Geoloji-coğrafiya fakültəsinə qəbul olub və 1974-cü ildə oranı müvəffəqiyyətlə bitirib. 1974–1975-ci illərdə Uzaq Şərqdə qiymətli metalların səpinti yataqlarında təcrübə mübadiləsi keçib və hərbi xidmətdə olub.

1984-cü ildə aspiranturanın qiyabi şöbəsinə daxil olub, 1988-ci ildə «Kiçik Qafqazın çay dərələrinin inkişaf tarixi və formalaşma xüsusiyyətləri» mövzusunda dissertasiya işini müdafiə edərək geomorfologiya və təkamül coğrafiyası ixtisası üzrə coğrafiya üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb.

1968-ci ildən etibarən Coğrafiya İnstitutunun «Geomorfologiya» şöbəsində müxtəlif vəzifələrdə çalışıb. 2021-ci ildən başlayaraq Geomorfologiya və təbii risklər şöbəsinə rəhbərlik edib.

Gənc elmi kadrların hazırlanmasında fəal iştirak edib. 1990-cı ildən Bakı Dövlət Universitetinin coğrafiya fakültəsinin «Geodeziya və kartoqrafiya» kafedrasında xüsusi kurslar üzrə dərslər aparıb.

Çoxsaylı elmi hesabatların, müxtəlif məzmunlu xəritələrin, eləcə də Beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda 60-dan artıq məqalənin müəllifidir. Onun mühüm nəzəri və praktiki əhəmiyyət kəsb edən elmi nəticələri müxtəlif xəritələrdə, məqalələrdə və kitablarda öz əksini tapıb.

About Author