“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin” (TƏBİB) tabeliyində olan Suraxanı Tibb Mərkəzi 3 saylı doğum evində yeni doğulmuş körpə dünyasını dəyişib.
Xeberlenti.com-un əldə etdiyi məlumata görə, Cəfərova Əminə Qadir qızının yeni doğulmuş övladı sözügedən xəstəxanada ölüb.
Ölən körpənin valideyni övladının həkim səhlənkarlığı səbəbindən dünyasını dəyişdiyini iddia edir.
Məsələ ilə bağlı TƏBİB-dən bildirilib ki, Əminə Cəfərovaya məxsus tibbi sənədlər araşdırılaraq rəy verilməsi üçün mütəxəssislərə təqdim edilib:
“Əminə Cəfərova hamiləlik müddətində ərazi üzrə qadın məsləhətxanasında qeydiyyata durmamış, Suraxanı Tibb Mərkəzi 3 saylı doğum evinin həkim mama-ginekoloqunun nəzarətində olmuşdur. Mütəxəssislərin rəyinə əsasən mama-ginekoloqun antenatal və stasionar xidmət zamanı fəaliyyəti qiymətləndiriləcək.
Əminə Cəfərovanın övladının meyiti təşrih olunmadığı üçün ölümün bilavasitə səbəbi haqqında fikir söyləmək mümkün deyildir”.
Xatırladaq ki, 3 saylı doğum evində doğuş zamanı ölüm halları ilk hadisə deyil. Bundan öncə də sözügedən xəstəxanada bir neçə dəfə yeni doğulan körpə və ana dünyasını dəyişib.