Türkiyə və Azərbaycan beşinci nəsil türk qırıcı “Kaan”ın yaradılması layihəsi çərçivəsində əməkdaşlıq haqqında razılığa gəliblər.
Bu barədə TRT məlumat yayıb.
Telekanalın məlumatına görə, müvafiq saziş İstanbulda keçirilən Beynəlxalq Müdafiə Sənayesi Sərgisi (IDEF-2023) çərçivəsində imzalanması planlaşdırılan ikitərəfli müqavilə ilə rəsmiləşdiriləcək.
Bununla bağlı “Yeni Şafak” qəzeti qeyd edir ki, Bakının layihədə iştirakı Rusiyanın “MiQ-29” təyyarələri ilə təchiz edilmiş Azərbaycan Hərbi Hava Qüvvələrinin modernləşdirilməsində mühüm addım kimi qiymətləndirilməlidir.
Hərbi-sənaye kompleksi üzrə ixtisaslaşmış “Defence Turk” portalının məlumatına görə, türk qırıcısının yaradılması layihəsində Ukrayna da iştirak edə bilər.
Beşinci nəsil qırıcı “Kaan” 2017-ci ildən Türkiyədə Milli Döyüş Təyyarələri proqramı çərçivəsində yaradılıb. Onun ilk uçuşunu bu il edəcəyi, kütləvi istehsalına isə 2028-ci ildə başlanacağı planlaşdırılır. Türkiyə hakimiyyəti daha əvvəl bəyan etmişdi ki, “Kaan” taktiki və texniki xüsusiyyətlərinə görə Amerikanın F-35-lərini keçəcək və gələcəkdə Respublika Hərbi Hava Qüvvələrində xidmətdə olan F-16 qırıcılarını əvəz edəcək.