“2023-cü ilin oktyabr ayında “Azərbaycan Hava Yolları” və “Buta Airways” vahid AZAL brendi altında birləşəcəklər”.
Bu barədə “Azərbaycan Hava Yolları” QSC məlumat yayıb.
Qeyd olunub ki, birləşmə hər iki aviaşirkətin ən yaxşı keyfiyyətlərini özündə ehtiva etməklə, sərnişinlər üçün sərfəli tariflərlə səyahət etmək imkanlarını daha da genişləndirəcək, eləcə də müştərilərin səyahətlərini rahat planlamasını və onlara göstərilən xidmət səviyyəsində artımı təmin edəcək.
“Buta Airways”ə məxsus bütün reyslər birləşmədən sonra da hazırda mövcud olan eyni sərfəli qiymətlərlə, lakin daha üstün xidmət səviyyəsi ilə vahid AZAL brendi altında təklif olunacaq. İl ərzində müxtəlif güzəşt kampaniyaları da davam etdiriləcək.
Sərnişinlər üçün aviadaşımaları daha da əlçatan etmək üçün AZAL bütün reyslərində yeni “Buta Budget” baqajsız tarifi təklif edəcək. Bundan əlavə, bütün tariflərə əl yükü daxil ediləcək və “Buta Budget” istisna olmaqla baqajın daşınması norması artırılacaq. Həmçinin sərnişinlərə yenilənmiş menyu təqdim olunacaq”, – məlumatda deyilir.
Həmçinin bildirilir ki, istiqamətdən asılı olmayaraq bütün reyslərin biletlərini vahid www.azal.az internet saytı üzərindən və AZAL mobil tətbiqi vasitəsilə bron etmək və ödənişi həyata keçirmək mümkün olacaq. Eləcə də, hər iki aviaşirkətin birləşməsi və yeni daşınma şərtləri ilə bağlı ətraflı məlumat AZAL-ın rəsmi saytında və sosial şəbəkə hesablarında da ictimaiyyətə təqdim olunacaq.