XƏBƏRLENTİ

xeberlenti.com

Elşad PAŞASOY – İranın ardınca Avropa İttifaqı da Qafanda “post” qurdu: Tehran, vaxt gələr dediklərimizi xatırlayarsan!

Keçən ilin oktyabrında İran Qafanda tez-tələsik Baş konsulluğunu açmışdı, hələ suvağı qurumamış, anbara bənzəyən tikilidə. O zaman bir çox ekspertlər İranın bu tələskənliyini Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Zəngilan səfərinə cavab kimi dəyərləndirmişdilər. İranın XİN başçısı Türkiyə liderinin Zəngilana səfərindən dərhal sonra İrəvana getmişdi, ardınca da suvağı qurumayan konsulluq binasının qarşısında qırmızı lent kəsildi…

qppppppp.jpg (44 KB)

Bu gün, avqustun 2-də Avropa İttifaqının Ermənistandakı müşahidə missiyasının əməliyyat mərkəzi Qafanda açılıb. Qurumun Ermənistandakı missiyasının rəhbəri Markus Ritter iddia edib ki, sən demə, mərkəzin açılması Zəngəzura sülh gətirəcəkmiş. Zəngəzurda ilk əməliyyat mərkəzinin açılışını alqışlamaqdan “xoşbəxt” olan Aİ təmsilçisi gələcək planlarını da elan edib. “Biz Ermənistanda 6 əməliyyat mərkəzinə malik olmaq niyyətindəyik və demək olar ki, planlarımızı həyata keçirməyə yaxınıq. Biz Ermənistanda işə başlayanda cəmi iki daimi işçimiz var idi. İndi məmnuniyyətlə demək istəyirəm ki, artıq 90 işçimiz var. Daimi iş mərkəzlərimiz Aşağı Qaranlıq, Gorus və İstisuda yerləşir. Bu gün biz Qafanda mərkəz açırıq, ondan sonra Karvansara və Keşişkənddə mərkəzlər açmaq niyyətindəyik”.

1690967812 (1).jpg (75 KB)

Belə. Cırtdan boyda ölkəni Avropa İttifaqının ofisləri ilə doldururlar. Neçə gündür bu qurumun Ermənistandakı missionerlərinin nə qədər “ciddi” işlə məşğul olduğunu biz də müşahidə etməkdəyik: Həkəri çayı tərəflərə səpələnib, yüksəkliklərdən “TIR tamaşası”na baxırlar. Düzdür, bu tamaşanın ssenarisinin həmmüəllifləridirlər, bu da əlavə vaxt, enerji, maliyyə itkisidir. Amma bununçün əlavə xərc çəkib ofis açmağa nə hacət?

Hərçənd, Avropa İttifaqının ofis siyasətinin yalnız Azərbaycanla bağlı qurulmuş ssenarilərlə məhdudlaşmadığı da şübhəsizdir. Bəli, burada Azərbaycana təzyiq elementləri də var. Eyni zamanda Avropa qurumları Rusiyanı Ermənistandan sıxışdırıb çıxartmaq üçün müxtəlif layihələri işə salıb. Elə Ermənistanın Rusiyaya qarşı “xaric səsləri”nin əsas stimullaşdırıcı rolu da Avropa İttifaqına məxsusdur. Üstəlik, bu ölkədəki ABŞ səfirliyi 2 mindən artıq şəxsi heyətə malikdir! Rusiyanın Gümrüdəki 102-ci hərbi bazasının şəxsi heyətinin az qala yarısı qədər! Avropa İttifaqı da hələ rəsmən elan etdiyi kimi, Ermənistandakı “mülki müşahidəçilər”inin sayını artırmaqda davam edir. Əvvəlcə iki aylıq gəldilər, ayaqlarını yerə bərkidəndən sonra müddəti 2 illik uzatdılar, ardınca fransız, alman missionerlərlə kifayətlənməyib, Kanada heyətini əlavə etdilər. Qərbin “saman altından su yeritməsi”, “astagəl siyasəti” əksəriyyətə bəllidir axı. Bunlar öz planlarını elə icra edirlər ki, əsl məqsəd-məram arxa planda olur, bu dəfə də istisna deyil.

iran.jpg (240 KB)

Avropa İttifaqının “ofis açma prosesi”nə Qafandan – İranla sərhədin “beş addımlığından” başlaması sözsüz ki, İran planları ilə bağlı birbaşa bağlıdır. İran Azərbaycanın Zəngəzur dəhlizi ilə bağlı planlarını əngəlləməkdən ötrü Baş konsulluq açdı, həmçinin bu bölgədə İran-Ermənistan azad iqtisadi zonasının yaradıldığı elan edildi. Yəni həm Azərbaycanın Zəngəzur dəhlizini açmasına, Türk xəttinin bərpasına əngəl olsunlar, həm də buraya kənar qüvvələrin müdaxiləsinə imkan verməsinlər. Amma Azərbaycan mövqeyində israrlıdır, Zəngəzur dəhlizi açılmalıdır, Prezident İlham Əliyev son müsahibəsində də Naxçıvanla quru əlaqəyə çox böyük önəm verdiyini bəyan etdi. Həmçinin cənab Ərdoğan növbəti dəfə “Zəngəzur dəhlizi açılmalıdır” – söylədi. Deməli, İran və Ermənistanın məkrli siyasəti uğursuzluğa düçar oldu. Üstəlik, Tehran heç bir əsas olmadan, ona yalnız yaxşılıqları keçmiş Azərbaycanın “daş”ı ilə əlləşirkən Avropa İttifaqı özünün postunu İranın “qulağının dibində” qurdu.

serhed.jpg (249 KB)

Bəli, Avropa İttifaqının da bir gözü Zəngəzur dəhlizindədir. Fransa başda olmaqla, bir çox paytaxtlar çalışırlar ki, Azərbaycan növbəti tarixi zəfərini qazanmasın, Türk birliyi arasındakı tarixi körpü yenidən qurulmasın. Amma buna nail olmadıqları halda da dəhlizdə payçı olmaq, heç olmasa ona nəzarətə sahiblənmək niyyətindədirlər. Rusiyanın sıxışdırılıb regiondan çıxarılması halında bu ərazidə öz patrullarını yerləşdirməyi hədəfləyirlər. Təsadüfi deyil ki, Zəngəzur dəhlizinin üzü Arazdəyənə doğru hissəsində ABŞ “metallurgiya zavodu” bayrağı altında “post”unu qeyri-rəsmi qurmaq istəyir. Bəli, burada həm Rusiyanı sıxışdırıb çıxartmaq, Ermənistana sahiblənmək, həm Azərbaycana təsir göstərmək, həm də İrana qarşı gələcək planların mühüm həlqələrindən birini reallaşdırmaq niyyəti var. İran hələ yuxuda olsun, Fransa-Hindistan silahlarının öz ərazisi ilə Ermənistana daşınmasında “makler”lik eləsin, Azərbaycana qarşı namərdcəsinə davransın. Hələ də anlaya bilmir ki, Qərb Ukrayna müharibəsində Rusiyanın əlini gücləndirən İran PUA-larının heyfini almaq üçün fürsət gəzir və məşhur nağıldakı kimi, “iki öküzü bir-birindən ayırmaq üçün” çeşidli planlar cızır. Azərbaycana gələndə “Ermənistan sərhədləri bizimçün qırmızı xətdir” – deyən İran hakimiyyətinin təmsilçiləri Avropa İttifaqının Qafanda qurduğu postu sükutla müşayiət edirlər. Günün birində Mehridən Avropa İttifaqı, Arazdəyəndə ABŞ hazır saxladıqları ilgəyi İran rejiminin boğazına keçirmək istiqamətində planlarla bağlı hərəkətə keçəndə… Bax, onda…Azərbaycanın gözəl bir mahnısı var e: “Xatırlayarsan…”

 

About Author