Azərbaycan Avropa Ravvinləri Konfransına ev sahibliyi edəcək. Beynəxalq tədbir noyabrın 12-15-də Bakıda təşkil olunacaq. Konfransda Prezident İlham Əliyevin iştirakı gözlənilir. Tədbirdə iştirak etmək üçün Azərbaycana 500-ə yaxın ravvinin gələcəyi bildirilir. Konfransın əsas mövzusu dini etiqad azadlığı və yəhudi icmalarının fəaliyyəti ilə bağlı məsələlər olacaq. Avropalı ravvinlər, həmçinin dağ yəhudilərinin böyük icmasının əsrlər boyu kompakt şəkildə yaşadığı Qubaya səfər edəcək. Bu ilin əvvəlində Prezident İlham Əliyevlə görüşən Avropa Ravvinləri Konfransının prezidenti ravvin Pinças Qoldşmidt deyib: “Azərbaycan yəhudi xalqı üçün xüsusi yaddaşı olan yerdir və dünyada ən nadir yəhudi icmalarından birinə ev sahibliyi edir”. Qeyd edək ki, Avropada əsas pravoslav ravvinlər ittifaqı olan təşkilat Avropadakı icmalardan 700-dən çox dini lideri birləşdirir. 1956-cı ildə qurulan təşkilat Avropadakı yəhudilərin hüquqlarını müdafiə etmək üçün çalışır, din azadlığı və yəhudi icmaları ilə bağlı məsələləri müzakirə edir.