90-cı illərin əvvəllərində Vətənimizin bir parçası olan Qarabağımıza qarşı erməni təcavüzü başlayanda vahid Ordumuz yox idi və ya yenicə yaranırdı. Buna baxmayaraq vətənpərvər insanlar düşmən işğalına qarşı mübarizə aparır, tarixi yurd yerlərimizin qorunması naminə canlarını qurban verirdilər. “Vətəni sevmək azdır, onu qorumaq gərək”! şüarı ilə qanlı döyüşlərə qatılan Vətən övladlarının amalı, məqsədi işğalçı erməni quldurlarını məhv etmək idi.
Yenicə müstəqillik qazanan Azərbaycanımızın keçdiyi o ağır dönəmlərdə, torpaqlarımızın müdafiə olunmasında, dövlətçiliyimizin qorunub saxlanılmasında polis əməkdaşlarının xüsusi xidməti danılmazıdır. O ağır illərdə yüzlərlə polis əməkdaşı şəhid olub və yaralanıb. Təsadüfü deyil ki, ulu öndər Heydər Əliyev belə demişdir:”Dağlıq Qarabağa iddia başlayanda (ermənilər tərəfindən. red.) ön cərgədə polis idi. Polis idi döşünü irəliyə verən, polis idi vuruşan”.
Bu ağır zamanlarda sinəsini irəliyə verib Vətənimizin müdafiəsinə qalxan polislərimizdən biri də Asif Məmməd oğlu Məmmədov idi.
O, 1954-cü ildə Füzuli rayonu Kürdmahmudlu kəndində müəllim ailəsində dünyaya göz açıb. Atası müəllim Məmmədov Məmməd Mürsəl oğlu Böyük Vətən Müharibəsi veteranı, el ağsaqqalı, sayılıb-seçilən insanlardan olub.Asif Məmmədov əvvəlcə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun məzunu olub. Amma arzusuna çatmaq üçün İnstitutu bitirdikdən sonra Polis Akademiyasına daxil olub. O, xidmətə Sahə inspektoru kimi başlayıb. Füzuli Rayon Polis Şöbəsinin Post-Patrul Xidməti Bölüyünün komandiri, 1995-ci ildən 2010-cu ilədək Şəxsi heyətlə iş üzrə rəis müavini vəzifəsində xidmət edib.Asif Məmmədov 1993-cü ilin sonu 1994-cü ilin əvvəlində Füzuli rayonunun 23 kəndi daxil olmaqla, Horadiz qəsəbəsinin işğaldan azad edilməsi əməliyyatında xüsusi şücaət göstərib. O, söz sənətinə, ədəbiyyata böyük dəyər verirdi. Qəhrəman polisimiz Füzuli polisinin keçdiyi döyüş yolu haqqında 2003-cü ildə dərc edilən “Ərgünəşin ər oğulları” adlı kitabın redaktoru olub. Kitab Vətənimizin qəhrəman, igid döyüşçülərinin tariximizdə əbədi yaşarlığı üçün yüksək töhfədir.
Polkovnik-leytenant Asif Məmmədov 2010-cu ildə təqaüdə çıxıb.
O, 2022-ci il avqustun 11-də 68 yaşında vəfat edib. Asif Məmmədov onu tanıyanların yaddaşında insansevər, vətənpərvər, dövlətə, dövlətçiliyə sadiq biri kimi xatırlanır və daim xatırlanacaq.
Allah rəhmət eləsin, ruhu şad olsun. Amin!
P.s Azərbaycanın Milli Qəhrəmanları Pəhləvan Fərzəliyev və Nazim Quliyevin komandiri olan Asif Məmmədov torpaqlarımız işğalda olduğu üçün ona verilən Milli Qəhrəman adından imtina etmişdi…
Soldan birinci Asif Məmmədov, soldan ikinci Milli Qəhrəman Pəhlivan Fərzəliyev.
Hüseyn Mahmudov