Misir-Azərbaycan Dostluq Cəmiyyəti Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş silsilə tədbirlər keçirir. Avqustun 13-də bu ilin mayında elan edilmiş ərəb xəttatları arasında müsabiqənin nəticələri açıqlanıb.
Müsabiqə iştirakçılarının mükafatlandırma tədbirində çıxış edən Cəmiyyətin sədri, tədqiqatçı-alim Seymur Nəsirov bu il Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi və “Heydər Əliyev İli” çərçivəsində dünyanın müxtəlif ölkələrində tədbirlər keçirildiyini bildirib. O qeyd edib ki, xəttatlar arasında keçirilən müsabiqə də bu qəbildəndir. Ulu Öndərin həyatından bəhs edən S.Nəsirov ölkəmizdə 30 il öncə baş verən hadisələrin canlı şahidi olduğunu vurğulayıb. Bildirib ki, böyük risklərə baxmayaraq, xalqın qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürən Heydər Əliyev dövlətimizin müstəqilliyinin qorunub saxlanılmasına, Azərbaycanın vətəndaş qarşıdurmasına və parçalanmasına sürüklənməsinin qarşısının alınmasına, dərin siyasi-ictimai böhrana son qoyulmasına nail olub. Bir müddət sonra xalqın iradəsi ilə Prezident seçilən Heydər Əliyevin hakimiyyəti dövründə Azərbaycanda böyük quruculuq mərhələsi başlanıb və həmin dövr ölkə tarixinə qızıl hərflərlə yazılıb.
Xəttatlar arasında keçirilən müsabiqədə Ulu Öndərin söylədiyi “Hər bir insan üçün milli mənsubiyyəti onun qürur mənbəyidir” müdrik kəlamının ərəb dilinə tərcüməsi və məşhur şair əl-Buhturinin Azərbaycan xalqını mədh edən şeirinin mətni təqdim olunub.
Qeyd edək ki, müsabiqənin iştirakçılarına diplomlar və 6 qalibə pul mükafatı verilib. Misir-Azərbaycan Dostluq Cəmiyyəti tərəfindən Ümummilli Lider Heydər Əliyevin 100 illiyi münasibətilə təşkil olunmuş müsabiqənin 5 qalibinin isə Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən Azərbaycana səfəri nəzərdə tutulur.