Dünyada sonuncu dəfə atıcılıq idman növü üzrə Dünya çempionatı 2018-ci ildə baş tutub.
Bu sözləri Bakıda keçiriləcək atıcılıq üzrə 53-cü Dünya Çempionatı ərəfəsində təşkil olunan mətbuat konfransında Azərbaycan Atıcılıq Federasiyasının baş katibi Emin Cəfərov deyib. Baş katib qeyd edib ki, uzun zamandan sonra bu idman növündə Dünya çempionatı məhz Bakıda keçirilir: “Atıcılıq üzrə Dünya çempionatında 101 ölkə qeydiyyatdan keçib. Filippindən olan idmançılar ölkə daxilində baş verən müəyyən səbəblərə görə iştirak edə bilmirlər. Yarışlarda ümumilikdə 1239 idmançı mübarizə aparacaq”.
“Olimpiya və qeyri-olimpiya növü üzrə 55 mükafatlandırma mərasimi olacaq. Bu yarışlarda Paris Yay Olimpiya oyunlarına 48 lisenziya üzrə oynanılacaq. Açılış mərasimimiz bu gün saat 18:00-da Kristal Hallda baş tutacaq”.-deyə baş katib əlavə edib.
Qeyd edək ki, Dünya Çempionatının açılış mərasimi bu gün olacaq. Yarış sentyabrın 1-dək davam edəcək.