XƏBƏRLENTİ

xeberlenti.com

SÜLH OLMASA, MÜSTƏQİLLİYİMİZİ İTİRƏCƏYİK…” – Paşinyan ölkəsinin Müstəqillik Bəyannaməsini tənqid etdi

“Sülh olana qədər SSRİ-nin ruhu bizim və regionumuzun səmasında dolaşacaq”

Ermənistanın Baş naziri Nikol Paşinyanın ölkəsinin Müstəqillik Bəyannaməsinin qəbul edilməsinin 33-cü ildönümü münasibəti ilə xalqa ünvanladığı təbrik məktubunda maraqlı etiraflar yer alıb.

 Paşinyan Müstəqillik Bəyannaməsini Ermənistanın indiki dövlətçiliyinin əsasını qoyan əlamətdar sənəd adlandırsa da, onun 1988-ci ildə Sovet İttifaqında hökm sürən iqtisadi, siyasi və ideoloji böhran şəraitində başlayan “Qarabağ hərəkatı”nın zirvəsində qəbul edildiyini xatırladıb: “2020-ci il müharibəsindən əvvəl, xüsusi ilə də sonra Bəyannamənin mətnini dəfələrlə, təkrar-təkrar oxudum. Etiraf etməliyəm ki, müharibədən sonrakı təəssüratlarım müharibədən əvvəlkindən bir qədər fərqli idi. Bəyannamənin mətninin tənqidi təhlili göstərir ki, biz nəticədə Ermənistanı Sovet İttifaqının bir hissəsi edən düstura əsaslanan diskurs və məzmun seçmişik: bu, regional mühitlə qarşıdurma diskursudur ki, bizi qonşularla daima münaqişədə saxlayır”.

Paşinyan vurğulayıb ki, Müstəqillik Bəyannaməsi ilə onlar Sovet İttifaqından ayrılmağı hədəf seçiblər. Ancaq əslində ittifaqdan ayrılmaq üçün bütün yolları bağlayıblar.

“Demək olar ki, 20-ci əsrin sonlarında qəbul edilmiş Müstəqillik Bəyannaməsi ilə biz 20-ci əsrin əvvəllərində müstəqilliyimizi itirməyimizə səbəb olmuş formulanı qəbul etmişik”, – o, qeyd edib.

Baş nazir daha sonra deyib: “İndi biz inamla deyə bilmirik ki, başqa yollar necə ola bilərdi və bizi hara apara bilərdi. Amma artıq keçilmiş yolu təhlil edib anlamaq bizim tarixi borcumuzdur. 2018-ci ildə Baş nazir vəzifəsinə gəlməzdən əvvəl və ondan sonra mən Ermənistanın Müstəqillik Bəyannaməsinə “İncil mesajı” kimi yanaşırdım. Halbuki Bəyannamə nə qədər fundamental sənəd olsa da, dərin təhlilə ehtiyacı olub və var, çünki bu, davamlı nəticələri olan siyasi sənəddir.

İndi isə Müstəqillik Bəyannaməsinin qəbul edilməsinin 33-cü ildönümü münasibəti ilə qeyd etmək istəyirəm ki, hökumətimizin qəbul etdiyi sülh gündəliyi müstəqilliyin gündəmidir, çünki biz sülh yolunda olsaq, müstəqilliyimiz də olacaq. Sülh olana qədər SSRİ-nin ruhu bizim və regionumuzun səmasında dolaşacaq. Mən müstəqilliyi, suverenliyi, demokratiyanı seçirəm. Ermənistan Respublikasının vətəndaşları da müstəqilliyi, suverenliyi, demokratiyanı seçirlər”.

Qeyd edək ki, N.Paşinyanın bəhs etdiyi, Ermənistanın 1990-cı il avqustun 23-də qəbul etdiyi “Ermənistanın müstəqilliyi barədə Bəyannamə”də Türkiyəyə qarşı saxta ərazi iddiaları əksini tapıb.

12 bənddən ibarət bəyannamənin 11-ci bəndində ermənilərin tarixi saxtakarlığı əks olunub: “Ermənistan Respublikası 1915-ci ildə Osmanlı İmperiyası və “Qərbi Ermənistan”da törədilən “erməni soyqırımı”nın beynəlxalq aləmdə tanınmasına tərəfdir”.

Bura “Qərbi Ermənistan” ifadəsini salmaqla İrəvan öz “çəkisini” nəzərə almadan Türkiyənin 6 şərq vilayətinə (Ərzurum, Van, Bitlis, Elazığ, Diyarbakır və Sivas) ərazi iddiası irəli sürmək xəyalına düşüb.

Bu maddə 1995-ci il iyulun 5-də qəbul olunan Ermənistan Konstitusiyasında yer almayıb. Ancaq Ermənistan Respublikasının dövlət gerbində Türkiyə ərazisində yerləşən Ağrı dağının təsviri yer alıb.

Qeyd edək ki, Türkiyə ilə münasibətlərin normallaşması prosesinə başlıca əngəllərdən biri də bu saxta iddialarla bağlıdır. Paşinyan hökuməti, doğrudan da, regionda sülhün bərqərar olmasının Ermənistanın müstəqilliyinin qarantiyası olduğunu qəbul edirsə, saxta və xəstə erməni ideologiyasına əsaslanan dövlət sənədlərinə ciddi düzəlişlər etməlidir.

About Author