BMT-nin Vyana bölməsində oktyabrın 2-dən 6-dək Bakıda keçiriləcək 74-cü Beynəlxalq Astronavtika Konqresinə həsr edilmiş sərginin açılışı olub.
Sərgi Azərbaycanın Avstriya, Slovakiya və Sloveniyadakı səfirliyi və BMT-nin Vyana bölməsi yanında daimi nümayəndəliyinin, BMT-nin Kosmik Məsələləri İdarəsi, Beynəlxalq Astronavtika Federasiyasının və Azərbaycan Dövlət Kosmik Agentliyi – “Azərkosmos”un birgə səyi nəticəsində baş tutub.
Rəsmi açılış mərasimində çıxış edən Azərbaycanın Avstriya, Slovakiya və Sloveniyadakı səfiri, BMT-nin Vyana şəhərindəki bölməsində daimi nümayəndəsi Rövşən Sadıqbəyli bildirib ki, Bakıda keçiriləcək 74-cü Beynəlxalq Astronavtika Konqresin “Qlobal Çağırışlar və İmkanlar: Kosmosa şans verin” mövzusu qarşıdan gələn konqresin məqsədlərini və gözlənilən nəticələrini aydın şəkildə ümumiləşdirir. Bu, kosmik sənaye və dövlət rəsmiləri, alimlər və tədqiqatçılar, kosmos mütəxəssisləri üçün mövcud çağırışlarla əlaqədar innovativ həllər mübadiləsi aparmaq üçün sərgi və şəbəkə imkanları təmin edəcək, yeni tərəfdaşlıqların qurulmasına yol açacaqdır. Daimi nümayəndə vurğulayıb ki, Bakıda keçiriləcək konqres bəşəriyyətin elmi yenilik və innovasiyalara marağının, biliyə can atmasının təntənəsi üçün bir fürsət olacaq və kosmosun tədqiqində yeni səhifə aça biləcək.
“Azərkosmos”un Beynəlxalq Astronavtika Konqresinə hazırlıq departamentinin direktoru Rəna Cəfərova Azərbaycanın kosmosa ilk peyk çıxarmasının 10 illik yubileyi və Bakı şəhərinin Beynəlxalq Astronavtika Konqresinə ev sahibi olduğu 2023-cü ildə Vyanada belə bir sərginin təşkilinə görə bütün tərəfdaşlara təşəkkürünü bildirib. Qeyd edilib ki, bu il “Azərkosmos“ üçün əlamətdar hadisələrlə zəngindir. Belə ki, fevral ayının 8-də Azərbaycanın ilk telekommunikasiya peyki olan “Azerspace-1”in orbitə çıxarılmasının 10 illiyi qeyd edilib. Hazırda Azərbaycanın peyk xidmətləri Avropa, Asiya və Afrikada rəqəmsal məlumatların formalaşması və ötürülməsində mühüm rol oynayır, regional və beynəlxalq əməkdaşlıq sayəsində bu gün “Azərkosmos” xidmət coğrafiyasını genişləndirir və 44-dən çox ölkədən 200-dən artıq şirkətlə əməkdaşlıq edir.
R.Cəfərova vurğulayıb ki, 2023-cü ilin ən əlamətdar hadisəsi isə oktyabrın 2-6-da Bakıda keçiriləcək Beynəlxalq Astronavtika Konqresi olacaq. Şərqlə Qərbin, Şimalla Cənubun kəsişməsində yerləşən Azərbaycan və onun öz multikultural mühiti, qonaqpərvərliyi ilə məşhur olan paytaxtı Bakı şəhəri dünyanın müxtəlif ölkələrindən ümumilikdə 6 min nümayəndəni ilin kosmik tədqiqatlarla bağlı ən mühüm tədbirində iştirak üçün gözləyir.
Xarici işlər nazirinin müavini Fariz Rzayev çıxışında bildirib ki, Azərbaycan hələ 1973-cü ildə 24-cü Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi edib və bu il 100 illik yubileyi qeyd olunan Ulu Öndər Heydər Əliyev Azərbaycanın bütün sahələrdə olduğu kimi, kosmik tədqiqatlar sahəsində inkişafına da xüsusi diqqət ayırıb. Məhz onun siyasi səriştəsi və uzaqgörənliyi nəticəsində Azərbaycan ötən əsrin 90-cı illərində parçalanmaq təhlükəsi altında olan, müharibənin viran etdiyi və bir milyon qaçqına malik ölkədən regionun ən inkişaf etmiş dövlətinə çevrilə bilib və bu gün həmin siyasi kursu davam etdirən Prezident İlham Əliyevin hakimiyyəti dövründə Azərbaycan artıq kosmik fəzanı fəth edən ölkələr sırasında yer alır. Eyni zamanda, qeyd edilib ki, Azərbaycanın kosmik fəza sahəsində əldə etdiyi təcrübə və uğurlar işğaldan azad edilmiş ərazilərimizin bərpası və yenidən qurulması istiqamətində müvəffəqiyyətlə tətbiq edilir.
BMT-nin Kosmik Fəza Məsələləri İdarəsinin direktor vəzifəsini icra edən Niklas Hedman çıxışında kosmik fəzanın tədqiqinin və kosmik texnologiyaların əhəmiyyətindən bəhs edib. Müasir həyatımızı həmin texnologiyalarsız təsəvvür etməyin mümkünsüz olduğunu diqqətə çatdıran Niklas Hedman kosmik tədqiqatlar sahəsində ən yeni elmi araşdırmalar, texnoloji yenilik və innovasiyaların müzakirə ediləcəyi konqresin Bakıda təşkilinə görə Azərbaycan hökumətinə təşəkkürünü bildirib.
Beynəlxalq Astronavtika Federasiyasının keçmiş Prezidenti Paskal Ehrenfreund isə məhz 50 il sonra Bakının növbəti dəfə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etməsini böyük simvolik əhəmiyyətə malik hadisə kimi qiymətləndirib. O, Bakını Şərqlə Qərb, Şimalla Cənub arasında siyasi, mədəni və iqtisadi körpü adlandıraraq Azərbaycanın kosmik fəzanın tədqiqində əldə etdiyi uğurları təqdir edib.
BMT-nin Vyana ofisinin İcraçı direktoru adından tədbirdə iştirak edən Jan-Luk Lemahyu Azərbaycanın kosmik sahədə gördüyü işlərə, bu sahədə aparılan tədqiqatlara, elmi proqres, innovasiya və telekommunikasiya uğurlarına diqqət çəkib. Bildirilib ki, Azərbaycan peykləri hazırda dünyanın 40-dan artıq ölkəsində 100-dən çox televiziya və radio kanallarına xidmət göstərir və gələcəkdə bu imkanların daha da genişlənəcəyi gözlənilir.
Sərgidə Azərbaycanın “Azersky“ peyki tərəfindən çəkilmiş dünyanın müxtəlif regionlarına aid əsrarəngiz fotolar nümayiş etdirilib və bu fotolar Azərbaycanın kosmik fəza və rəqəmsal informasiyalar sahəsində uğurlarının əyani nümayişi olub. Fotolar arasında Azərbaycanın Qarabağ bölgəsində aparılan bərpa və quruculuq işlərinin kosmosdan çəkilən şəkilləri, xüsusilə də Füzuli, Qubadlı və Şuşanın fotoları, “Zəfər yolu” avtomobil yolu və digər infrastruktur layihələrinin təsvirləri böyük maraqla qarşılanıb. Eyni zamanda, 1973-cü ildə Bakıda keçirilən 24-cü Beynəlxalq Astronavtika Konqresində Ulu Öndər Heydər Əliyevin də əks olunduğu fotolar, bu ilin oktyabrında Bakıda keçiriləcək konqresə aid foto, video və sair materiallar təqdim olunub. Vyana Təbiət Tarixi Muzeyində qorunan və Azərbaycan ərazisinə düşmüş meteoritlər (Hindarx və Yardımlı meteoritlərinin nümunələri) sərgi iştirakçılarının xüsusi marağına səbəb olub.