XƏBƏRLENTİ

xeberlenti.com

Daşaltıda 31 il əvvəl itkin düşən Nurəli Abdullayev Bülbülə Şəhidlər xiyabanında dəfn edilib

Birinci Qarabağ müharibəsi zamanı Daşaltıda itkin düşmüş, 31 il sonra meyit qalıqları tapılan Abdullayev Nurəli Hacıbaba oğlunun nəşi Suraxanı rayonu, Bülbülə qəsəbəsində dəfn olunub. Əvvəlcə şəhidlə evində vida mərasimi keçirilib. Daha sonra şəhidin cənazəsi Suraxanı rayon Bülbülə qəsəbəsində yerləşən Şəhidlər Xiyabanına gətirilərək dəfn edilib.  Xatırladaq ki, Əmircan qəsəbəsində böyüyüb boya-başa çatan Nurəli Abdullayev orta məktəbi bitirdikdən sonra 112 saylı Texniki Peşə məktəbində təhsilini davam etdirib. Quru Mayesiz Transformator zavodunda, Suraxanı ayaqqabı fabrikində işləyib. 1978-80-ci illərdə Tbilisidə hərbi xidmətdə olub. O, Kərkicahanda, Goranboyda olan döyüşlərdə iştirak edib. “Daşaltı əməliyyatı”nda iştirak edərkən isə itkin düşüb.

Qeyd edək ki, bir müddət öncə kütləvi məzarlıqlarda tapılan qalıqlar üzərində aparılan tədqiqatlar nəticəsində şəxsiyyəti müəyyən edilən itkin düşənlərin siyahısı açıqlanıb. Siyahıya əsasən, 15 nəfər itkin düşmüş şəxsin aqibətinə aydınlıq gətirilib.

Onların 11 nəfəri hərbçi, 4 nəfəri mülki şəxsdir. 15 nəfərdən 7-si Daşaltı kəndində, 4 nəfəri Kəlbəcər, 4-ü Füzuli rayonunda itkin düşüb.

 

About Author