XƏBƏRLENTİ

xeberlenti.com

Jurnalist Zülfüqar Hüseynzadənin xatirəsi yad edilib

Bu gün Sosial Tədqiqatlar Mərkəzində “Moderator.az” İnformasiya Agentliyinin təsisçisi və baş redaktoru Zülfüqar Hüseynzadənin xatirəsinə həsr edilmiş tədbir keçirilib.

Tədbir iştirakçıları əvvəlcə Başlıbel şəhidlərinin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Ardınca mərhum jurnalistin həyat və yaradıcılığına həsr olunmuş film nümayiş etdirilib.

Tədbirdə ictimaiyyət nümayəndələri, o cümlədən deputatlar, jurnalistlər iştirak ediblər.

Sonda qonaqlar Zülfüqar Hüseynzadə haqqında xatirələrini bölüşüblər.

Milli Məclisin deputatı Qüdrət Həsənquliyev tanınmış jurnalistin adına mükafat təsis olunmasını təklif edib: “Bu, Zülfüqar Hüseynzadənin adını əbədiləşdirməklə yanaşı, həm də gənc nəslə nümunə olar. Fikrimcə, bu təşəbbüs gənc jurnalistləri daha da stimullaşdırar, onların Zülfüqar bəy kimi vətənpərvər jurnalist olmalarına töhfə verər”.

Milli Məclisin deputatı Rəşad Mahmudov bildirib ki, tanınmış media kapitanı qısa ömrünü ləyaqətli şəkildə yaşayıb: “Bəlkə də narahatlıq keçirdiyi anlarda məsləhət verən olsaydı, onun həyatını xilas etmək mümkün olardı. Hərçənd hər kəsin alın yazısı var. Görünür, qismətə qarşı çıxmaq olmur”.

Yazıçı Seyran Səxavət Zülfüqar Hüseynzadənin yüksək insani keyfiyyətlərindən söz açıb: “Mən onu çoxdan tanıyırdım. Tez-tez danışırdıq. Aramızdan tez getdi. Görünür, Allahın da yaxşı insanlara ehtiyacı var”.

Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin professoru, Mətbuat Şurası sədrinin müavini Qulu Məhərrəmli Qüdrət Həsənquliyevin təklifi ilə razılaşdığını vurğulayıb: “Zülfüqar bəyin adına mükafat təsis etmək vacibdir. Amma bu mükafat xüsusilə də layiq olanlara verilməlidir. Çünki Zülfüqar bəy çox yaxşı insan idi. O, təmənnasız yaxşılıq edənlərdən idi”.

About Author