Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu “Həyat Hekayəsi” verilişinin növbəti buraxılışı hazırlanıb.
“Xəyalım, ruhum Göyçədə dolanır” adlı veriliş 1941-ci ildə Qərbi Azərbaycanın Göyçə mahalında, Basarkeçər rayonunun (Vardenis) Zərkənd kəndində doğulmuş 82 yaşlı Məhyəddin Süleymanovun həyat hekayəsinə həsr olunub.
O, doğulub, boya-başa çatdığı kəndin və rayonun tarixindən, gənclik illərindən, İrəvanın Kənd Təsərrüfatı Texnikumunda təhsil almasından söz açıb, Basarkeçərdə mövcud olan 38 kənddən yalnız üçündə ermənilərin yaşadığını deyib.
Ermənilərlə daim təmasda olduğunu bildirən M.Süleymanov onların türkə qarşı millətçilik və düşmənçiliyindən söz açıb: “1988-ci ildə ermənilər “Qarabağ bizimdir” dedilər. Onlar qorxaq millətdir və hünərləri yox idi ki, bu boyda böyük Qarabağ zonasını fəth edələr. Bu, mümkün deyildi. Qərbi Azərbaycanın rayonlarının kəndlərinin 90 faizini gəzmişəm. Heç bir yerdə erməni toponimi ilə rayona, kəndə rast gəlmədim. Hamısı Azərbaycan adları ilə bağlıdır. Ermənilərin tarix boyu məkanı olmayıb. Onlar köçəri halında yaşamış xalqdır, harada məskunlaşıblar, oranı özlərinki etməyə çalışıb, torpaq genişləndiriblər”.
Göyçənin gözəlliyindən danışan M.Süleymanov yurd-yuvası üçün darıxdığını deyib: “Yatanda da Göyçəni görürəm, 36 ildir buradayıq, amma xəyalımda oradır. Ömür imkan versə, kəndimə gedəcəyəm. Anamın, əzizlərimin qəbri oradadır, dağılıb. Gedib onları bərpa edim, mən onların yanında dəfn olunum. Xəyalım, ruhum oralarda dolanır”.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.