Son illər dünyada baş verən proseslər eyni soy-köklü, oxşar dini, dili və tarixi olan dövlətlərin birləşməsini şərtləndirib. 2009-cu ildə Naxçıvanda təsis olunan Türk Dövlətləri Əməkdaşlıq Şurası kimi yaranmış və sonradan Türk Dövlətləri Təşkilatı (TDT) kimi dünyada özünü təsdiq edən beynəlxalq statuslu bu qurumda birləşən dövlətlər bir-birinə daha yaxındırlar. Azərbaycan Türk Dövlətləri Təşkilatının aparıcı qüvvəsi kimi orta coğrafiyada yerləşməklə türkdilli dövlətlər arasında münasibətlərin inkişafının genişlənməsində aparıcı rol oynayır.
Prezident İlham Əliyevin Mərkəzi Asiya ölkələrinə səfərləri çərçivəsində imzalanan sənədlər və razılaşmalar münasibətlərimizi daha da möhkəmləndirib. Təkcə 2022-ci ildə Prezident İlham Əliyev üç dəfə Özbəkistanda səfərdə olub. Dövlətimizin başçısının hər bir səfəri özbək xalqı tərəfindən böyük hörmət və məhəbbətlə qarşılanmışdı. Ümummilli Lider Heydər Əliyevin ruhuna böyük hörmət və ehtiramını bildirən qardaş özbək xalqı dahi liderimizin xatirəsinə silsilə tədbirlər də təşkil edib. Özbəkistan Azərbaycana olan böyük hörmətinə və yaşadığımız eyni tarixə hadisələrə görə Ermənistanda səfirlik təsis etməyib, torpaqlarımız işğal altında olduğu dövrdə ölkəmizin ərazi bütövlüyünü hər zaman dəstəkləyib. Həmçinin 44 günlük Vətən müharibəsində Qələbə qazanmağımız münasibətilə xalqımızı təbrik edərək sevincimizə şərik olub. Məhz Füzuli şəhərində Özbəkistan maliyyəsi hesabına yüksək şəraitli məktəb binasının tikilib istifadəyə verilməsi Azərbaycan xalqının sevincinə özbək xalqının şərik olduğunun göstəricisi olması ilə yanaşı, işğaldan azad olunmuş ərazilərdə icra olunan xarici sərmayə hesabına icra olunan ilk layihə olub.
Bu fikirləri Milli Məclisin deputatı Azər Badamov söyləyib.
Onun sözlərinə görə, Şavkat Mirziyoyevin yenidən prezident seçilməsindən sonra ilk xarici səfərini Azərbaycana etməsi əsl qardaşlığın nümunəsidir: “Səfər çərçivəsində imzalanan sənədlər, o cümlədən Ali Dövlətlərarası Şuranın yaradılması haqqında müqavilə ölkələrimiz arası münasibətləri yeni mərhələyə çıxaracaq. Bu gün ölkələrimiz beynəlxalq platformalarda eyni mövqedən çıxış etməklə yanaşı, ikitərəfli münasibətlərin möhkəmlənməsi, iqtisadi və humanitar əməkdaşlığın genişləndirilməsi istiqamətində əməli addımlar atmaqdadır. Azərbaycanla Özbəkistan arasında energetika, turizm, maşınqayırma və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi ilə bağlı sənədlər imzalanıb. Ümumiyyətlə, imzalanmış 160-dan çox sənədlə əməkdaşlığımızın möhkəm hüquqi bazası formalaşdırılıb. Ölkələrimizarası əməkdaşlığın genişləndirilməsi və ticarət dövriyyəsinin 1 milyard dollara çatdırılması ilə bağlı yeni imkanlar müzakirə olunub.
Özbəkistan Prezidentinin Füzulidə məktəb binasının inşası və açılışında iştirak etməsi, 30 ildən sonra öz doğma yurduna qayıtmış keçmiş məcburi köçkünlərlə görüşməsi və onlar üçün tikilmiş mənzillərdə yaradılmış şəraitlə tanış olması qardaş ölkənin rəhbərinə məxsus davranışdır. Türk dünyasının mədəniyyət mərkəzi Şuşaya səfər etməsi və burada yenidən qurularaq bərpa olunmuş məscidləri, tarixi abidələri ziyarət etməsi və Cıdır düzünə gələrək Şuşanı azad edən əsgərlərimizin qəhrəmanlıq göstərdiyi yerlərlə tanış olması Özbəkistan dövlət başçısının, o cümlədən özbək xalqının uğurlarımızla fəxr etdiyinin göstəricisidir”.
Deputat bildirib ki, xalqlarımız bir soy-kökə, mədəniyyətə, dil qrupuna malik olduğu kimi, eyni tarixi də yaşamalı olub. Belə ki, 1989-cu ildə erməni daşnakları Fərqanədə özbəklərə qarşı türk kökənli olduqlarına görə qırğınlar törədib. Nəticədə Fərqanə vadisinin əhalisi erməni daşnakları və bolşeviklər tərəfindən etnik təmizləməyə məruz qalıb. Erməni daşnak banditlərinin bolşeviklər tərəfindən seçilməsi və bu qırğınları törətmələrinə şərait yaradılması onlarda müqəddəs heç nəyin olmaması ilə əlaqədardır. Ermənilərdə olan türkofobiya və islamofobiya xalqlarımıza qarşı amansız qırğınların davam etdirilməsinə yol açıb.
1918-ci ilin mart ayında isə erməni daşnakları həmin müsibətləri Bakıda, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə törədildi. Əli silahlı erməni daşnak dəstələrinin Azərbaycan əhalisinə qarşı törətdikləri qırğınlar özbək xalqı ilə eyni tarix yaşadığımızın göstəricisidir.
“Bu gün yaşadığımız eyni acı talelərimiz artıq tarixdə qaldı. Azərbaycan, Türkiyə, Özbəkistan və ümumi Türk dünyasının vahid gücü yaşadığımız acı tarixin bir daha yenidən təkrar olunmasına imkan verməyəcək. Tarixdə ermənilər öz dayaqlarının köməyi ilə xalqlarımıza qarşı amansız qırğınlar törətsə də, bu gün qalib Azərbaycanın simasında hər bir təhdidə qarşı “Dəmir yumruq” nümayiş etdirə biləcək Türk dünyası var. Gücümüz birlikdədir və bir daha xalqlarımız arasındakı bu sarsılmaz birliyi heç kim qıra bilməz. Azərbaycanın yaratdığı yeni reallıqda aktuallaşmış Zəngəzur dəhlizinin açılması Türk dünyasının siyasi, iqtisadi, mədəni və təhlükəsizlik sahəsində gücünü daha da artıracaq.