Tofiq Tağızadə dünya kinematoqrafiyasının mütərəqqi təcrübəsindən yaradıcı şəkildə bəhrələnərək nadir istedada malik böyük rejissor idi. O, ötən sərin 50-ci illərində çəkdiyi üç filmlə milli kinomuza yeni üslub gətirmiş və mədəniyyət tariximizdə dərin iz qoymuşdu. Tofiq Tağızadə həmişə Azərbaycan mədəniyyətinin, kinosunun tarixində yaşayacaq. Çünki onun yaradıcılığı bənzərsiz, çəkdiyi filmlər böyük rejissor istedadının, qəlbinin məhsuludur…
Bu gün Azərbaycan kino sənətinin görkəmli nümayəndəsi, Xalq artisti Tofiq Tağızadənin anım günüdür.
Tofiq Mehdiqulu oğlu Tağızadə 7 fevral 1919-cu ildə Bakı şəhərində ziyalı ailəsində dünyaya gəlib. O, 1938-ci ildə Azərbaycan Sənaye İnstitutunun Energetika fakültəsinə qəbul olub. Amma bu institutda təhsilini başa çatdıra bilmədi. Müharibə Tofiq Tağızadənin də həyatını məcrasından çıxardı. Üçüncü kursda təhsilini yarımçıq qoyaraq cəbhəyə yollandı. 1941-ci ildə Rostov yaxınlığında gedən döyüşlərdən birində ağır yaralandı. Döyüş yolu bununla bitsə də, o dəhşətli günlərin xatirələri yaddaşından heç zaman silinmədi…
Geri döndükdən sonra Sənaye İnstitutunda təhsilini davam etdirmədi və 1946-cı ildə Moskva Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun Kinorejissorluq fakültəsinə daxil oldu. Arzusunda olduğu bir aləmə düşdü. Bu ali təhsil ocağında məşhur kino xadimlərindən və pedaqoqlardan dərs aldı.
Bir müddət Moskvada çalışdı. Ancaq Tofiq Tağızadə vətəninə xidmət etmək arzusundaydı. Bu istək onu 1954-cü ildə Bakıya gətirdi. Cəfər Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasında fəaliyyətə başladı.
Tofiq Tağızadə “Görüş”lə gəldi sənətə. Azərbaycan və Özbəkistan pambıqçılarının dostluğundan bəhs edən bu film rejissora uğurlu bir yolun qapısını açdı.
Tofiq Tağızadə müharibənin odundan, alovundan keçmiş, ağrı-acılarını çəkmişdi. Milyonlarla insanın həyatına son qoyan, şəhərləri, kəndləri xarabalığa çevirən bu dəhşətli bəlanı təsvir edən film çəkmək fikri onu rahat buraxmırdı. Çox gözləməli olmadı. Azərbaycan xalqının şanlı oğlu, Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin İkinci Dünya müharibəsi illərində İtaliya və Yuqoslaviyada faşist işğalçılarına qarşı apardığı mübarizəyə həsr edilmiş “Uzaq sahillərdə” həm rejissora, həm ssenari müəlliflərinə, həm də aktyorlara böyük şöhrət gətirdi.
Bundan sonra Tofiq Tağızadə “Əsl dost”, “Mateo Falkone”, “Mən rəqs edəcəyəm”, “Arşın mal alan”, “Mən ki, gözəl deyildim”, “Yeddi oğul istərəm”, “Qızıl qaz”, “Dədə Qorqud”, “Babamın babasının babası”, “Bağ mövsümü”, “Evin kişisi”, “O dünyadan salam” və başqa filmlərə quruluş verdi.
Azərbaycan kino sənətinin görkəmli nümayəndəsi Tofiq Tağızadə ömrünün son illərində xüsusi studiya da yaradıb. Lakin amansız əcəl onun işlərini yarımçıq qoyub. Tofiq Tağızadə 1998-ci il avqustun 27-də dünyasını dəyişib.