XƏBƏRLENTİ

xeberlenti.com

Azərbaycanlı dənizçilərin olduğu gəmi Qara dənizdə batma təhlükəsi ilə üzləşdi

Tanzaniya bayrağı altında üzən yük gəmisi Qara dənizdə batmaq təhlükəsi ilə üzləşib.
 Rumıniya mənbələrinin məlumatına görə, AMANOS adlı gəminin ekipaj üzvləri arasında altı Azərbaycan və iki Türkiyə vətəndaşı da var.

“AMANOS Rumıniyanın Manqaliya şəhərindən 1,5 dəniz mili aralıda SOS siqnalı göndərib. Gəminin heyəti Rumıniya sahil mühafizəsinə üz tutaraq, gəminin burnunun qırıldığını, suyun içəriyə girdiyini bildirib və kömək istəyib. Rumıniyanın “Feniks”, “Briso” və “Teia” xilasetmə gəmiləri dərhal gəminin yerləşdirildiyi yerə gediblər.

Lakin AMANOS-un kapitanı rumıniyalı xilasedicilərin gəmisinə minməsinə icazə verməyib, köməkdən imtina edib. Bildirilib ki, ekipaj dəymiş ziyanı təkbaşına aradan qaldıracaq. Daha sonra gəmi Bolqarıstan sularına doğru dənizə çıxıb.

Gəminin hansı yükü daşıdığı məlum deyil.

Marinetraffic veb-saytı bu quru yük gəmisinin 1978-ci ildə inşa edildiyini göstərir. Gəminin hazırkı sahibi haqqında məlumat yoxdur.

Gəmi avqustun 14-də Ukraynanın Odessa vilayətindəki İzmail limanını tərk edib, lakin son təyinat yeri dəqiqləşdirilməyib.

About Author