XƏBƏRLENTİ

xeberlenti.com

Azərbaycanda bir rus icması var —

Azərbaycan hökuməti Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Xankəndi şəhərində yaşayan erməniəsilli vətəndaşları ilə dinc dialoqun aparılması üçün böyük səylər göstərdiyi halda, bir qrup separatçı əsassız bəyanatlar və dünya ictimaiyyətinə yanlış məlumatlar verməklə buna mane olmaqda davam edir.
Bu barədə Azərbaycanın Rus İcması Respublika Şurasının Qarabağ bölgəsinin “saxta rus icması”nın siyasi kart oynamaq cəhdinə münasibət bildirdiyi bəyanatda bildirilir.

Sənəddə deyilir ki, özlərini “rus icması” kimi təqdim edənlərin bəyanatları Azərbaycan Konstitusiyasının normalarına tamamilə ziddir: “Azərbaycanda “Dağlıq Qarabağ” adlı ərazi vahidi yoxdur. Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamına əsasən, ölkənin Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları yaradılıb. Bu, ancaq suveren Azərbaycan dövlətinin ərazisində məskunlaşan ayrıca separatçılar qrupunun xəyallarında mövcuddur”.

“Qarabağ iqtisadi rayonunun erməniəsilli sakinləri Azərbaycan Respublikasının vətəndaşlarıdır və ölkəmizin rəsmi qanunlarına uyğun yaşamalıdırlar. Azərbaycanda 1993-cü ildə Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınmış və bu gün bir rus icması var. Sayı 120 min nəfərdən çoxdur. Təşkilatımız bütün beynəlxalq strukturlar tərəfindən tanınır və 30 ildir fəaliyyət göstərir. Əgər Qarabağ sakinləri arasında Azərbaycanın rus icmasına qoşulmaq istəyən etnik ruslar varsa, o zaman təşkilata üzv olmaq üçün bizə müraciət etsinlər. Biz onların müraciətlərinə cavab verməyə və bunun üçün bütün lazımi məlumatları təqdim etməyə hazırıq”, – bəyanatda qeyd olunur.

“Rus icması” öz bəyanatında Qarabağdan öz əcdadlarının tarixi torpağı kimi danışır. Qarabağ həmişə Azərbaycanın bir parçası olub və belə də qalacaq.

“Ölkəmizin ərazi bütövlüyü bütün dövlətlər, o cümlədən Rusiya Federasiyası və hətta Ermənistanın özü tərəfindən tanınır. Əcdadlarının ağır taleyini bəyan edən “saxta-icma” unudur ki, Ermənistanın Azərbaycana təcavüzünə qədər bütün etnik qrupların nümayəndələri bir yerdə dinc və mehriban yaşayıblar. Azərbaycanlılar, o cümlədən milli azlıqların nümayəndələri öz doğma yurdlarından zorla didərgin salınıblar. Ermənistanın özündən də milli azlıqlar zorla qovulub. Bu gün monoetnik dövlətdir ki, burada ermənilərin özündən başqa heç kim yaşamır, Azərbaycanda isə onlarla etnik qrupların nümayəndələri yaşayır”, – məlumatda vurğulanır.

Sonda Azərbaycanın rus icması bu cür bəyanatları regionda sabitliyi pozmaq, dünya ictimaiyyətinə yanlış məlumat vermək və Qarabağ ermənilərinin çoxmillətli, multikultural Azərbaycan cəmiyyətinə inteqrasiya prosesini ləngitmək cəhdi hesab edir.

About Author