Dələduzluq etməkdə təqsirləndirilən Tələt Əlizadənin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən iclasda hökm oxunub.
Hökmə əsasən, təqsirləndirilən Tələt Əlizadə 6 il müddətinə azadlıqdan məhrum edilib.
Təqsirləndirilən şəxs məhkəmə zalında həbs edilib.
Qeyd edək ki, Tələt Əlizadə zərərçəkmiş Tural Hüseynovun etibarından sui-istifadə edərək ona qarşı dələduzluq edib. Belə ki, ondan borc olaraq ümumilikdə 150 min manat pul alıb. Ona söz verib ki, əgər borcu qaytara bilməzsə, paytaxtdakı evlərindən birini verəcək.
Lakin nəticədə T.Əlizadə zərərçəkmiş şəxsə olan borcu ödəməyib.
Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.