Azərbaycanla Gürcüstan müdafiə sahəsində əməkdaşlığı möhkəmləndirir.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş” müzakirəyə çıxarılıb.
Saziş 2023-cü il 24 aprel tarixində Bakı şəhərində imzalanıb. Saziş preambula və 13 maddədən ibarətdir.
Sazişin məqsədi tərəflər arasında müdafiə sahəsində əməkdaşlığın təşviq edilməsi və möhkəmləndirilməsi, eləcə də tərəflərin qəbul etdikləri hərbi əməkdaşlıq proqramlarının həyata keçirilməsi üçün praktiki fəaliyyətin təmin edilməsidir.
Sazişinin 2-ci maddəsinə əsasən tərəflərin 14 sahədə – hərbi təhsil, treninq və təlimlər, müdafiə və təhlükəsizlik siyasəti, sülhməramlı və humanitar əməliyyatlar, NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində əməkdaşlıq, silahlara nəzarət və tərk-silah, hərbi qanunvericilik, maddi texniki təminat, mülki-hərbi əməkdaşlıq, müdafiə sahəsində kibertəhlükəsizlik, hərbi xəritəçilik, hərbi tibbi xidmətlər, sosial, idman və mədəni tədbirlər, humanitar minatəmizləmə və qarşılıqlı maraq kəsb edən digər sahələrdə əməkdaşlığının həyata keçirilməsi nəzərdə tutulur.
Sazişin 3-cü maddəsinə müvafiq olaraq tərəflər arasında əməkdaşlıq rəsmi səfərlər və işçi görüşlər, ikitərəfli danışıqlar, məsləhətləşmələr, təcrübə mübadiləsi, treninq və təlim tədbirlərində iştirak, qarşılıqlı maraq kəsb edən məlumatın mübadiləsi, konfrans və seminarlarda iştirak, mədəni və idman tədbirlərində iştirak və birgə razılaşdırılmtş digər formalar vasitəsilə təmin edilir.
Sazişin həyata keçirilməsi üçün səlahiyyətli orqanlar qismində Azərbaycan Respublikası tərəfindən Müdafiə Nazirliyi və Gürcüstan Respublikası tərəfindən Müdafiə Nazirliyi çıxış edir.
Bu sazişinin icrası üçün tərəflər arasında məxfi məlumatların mübadiləsi və qarşılıqlı qorunması 2011-ci il 26 oktyabr tarixli “Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti arasında məxfi məlumatların qarşılıqlı mühafizəsi haqqında Saziş”ə əsasən həyata keçirilir.
Yuxarıda qeyd olunanlarla yanaşı, sazişdə maliyyə məsələləri, intizam prosedurları, zərərlər, sazişinin müvəqqəti dayandırılması qaydası və digər beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklər barədə məlumatlar öz əksini tapıb.
Sazişin 1T-ci maddəsinə uyğun olaraq bu sazişin təfsiri və ya tətbiqi zamanı yarana biləcək hər hansı fikir ayrılığı tərəflər arasında danışıqlar və (və ya) məsləhətləşmələr yolu ilə diplomatik kanallar vasitəsilə həll edilir və həlli üçün heç bir milli və ya beynəlxalq məhkəməyə və ya üçüncü tərəfə müraciət edilmir.
Saziş onun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə tərəflərin bir-birini xəbərdar etdiyi sonuncu yazılı bildirişin diplomatik kanallar vasitəsilə alınmasından etibarən növbəti ayın ilk günü qüvvəyə minir.
Saziş qeyri-müəyyən müddətə bağlanılıb.
Hər bir tərəf istənilən vaxt bir-birlərinə diplomatik kanallar vasitəsilə yazılı bildiriş göndərərək Sazişi ləğv edə bilər. Bildirişin alındığı tarixdən 6 ay sonra Saziş qüvvədən düşmüş hesab edilir.