Avropa İttifaqı Türkiyənin ən mühüm ticarət tərəfdaşıdır.
Bu barədə Türkiyənin sənaye və texnologiya naziri Mehmet Fatih Kacır Avropa İttifaqının Qonşuluq və Genişlənmə üzrə komissarı Oliver Varhelyi ilə görüşündən sonra bildirib.
Nazir onu da qeyd edib ki, Türkiyə Aİ-nin viza liberallaşdırılması istiqamətində ən qısa zamanda nəzərəçarpacaq irəliləyiş əldə ediləcəyini gözləyir.
Məlumata əsasən, görüş zamanı sənayenin yaşıl və rəqəmsal transformasiyası sahəsində Aİ ilə Türkiyə arasında əməkdaşlıq, rəqabətqabiliyyətlilik, Türkiyənin Rəqəmsal Avropa Proqramında iştirakı və Proqram çərçivəsində türk müəssisələrinə veriləcək dəstək, Türkiyədə qurulacaq Avropa Rəqəmsal İnnovasiya Mərkəzləri kimi məsələlər müzakirə edilib.
“Rəqəmsallaşma və innovasiya Türkiyə ilə Aİ arasında əməkdaşlıq üçün böyük imkanlar yaradır. Bu istiqamətdə Türkiyənin Rəqəmsal Avropa Proqramında iştirakı ilə bağlı müqavilənin hər iki tərəf tərəfindən imzalandığını bildirməkdən məmnunam.Ümumi büdcəsi 7,5 milyard avro olan bu proqram hər iki tərəf üçün tarixi baxımdan əhəmiyyətlidir”, – deyə Kacır vurğulayıb.
Qeyd edək ki, Avropa İttifaqı rəsmisi Oliver Varhelyi Aİ ilə Türkiyə arasında əməkdaşlıq danışıqları üçün 6 sentyabr tarixində Ankaraya səfər edib.