XƏBƏRLENTİ

xeberlenti.com

Antonio Quterreş Afrika ölkələrinin BMT Təhlükəsizlik Şurasına və “Böyük iyirmiliyə” qoşulmasını dəstəkləyir

Sentyabrın 7-də İndoneziyanın paytaxtı Cakarta şəhərində keçirilən Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının (АSЕАN) 43-cü sammitində çıxış edən BMT-nin Baş katibi Afrikanın Təhlükəsizlik Şurasında təmsilçiliyinin, eləcə də Afrika İttifaqının “Böyük iyirmiliyə” (G20) qoşulması üzrə Hindistanın səylərinin lehinə çıxış edib.

Antonio Quterreş deyib: “Mən Afrika ölkələrinin beynəlxalq institutlarda, ən azından onlardan birinin BMT Təhlükəsizlik Şurasının daimi üzvü qismində iştirakını qətiyyətlə dəstəkləyirəm. Əlbəttə ki, Afrika İttifaqının G20-nin üzvü olması məni çox sevindirərdi”.

O, indiki qlobal institutların yaradılması zamanı Afrikada müstəqil ölkələrin az olmasını xatırladaraq əlavə edib ki, “onların əksəriyyəti müstəmləkə rejimi altında idi”.

Cari ildə “Böyük iyirmiliyə” başçılıq edən və Afrika İttifaqının G20-yə qoşulması üzrə diskussiyalar aparmaq və bu səylərin Qlobal Cənub ölkələrinin bir sıra probleminin həllinə yönəltməyə kömək edəcəyini hesab edən Hindistan təşkilatın G20-də təmsil olunmasının lehinə çıxış edir.

G20-nin növbəti sammiti sentyabrın 9-10-da Yeni Dehlidə keçiriləcək.

About Author