XƏBƏRLENTİ

xeberlenti.com

Səbinə Əliyeva Asiya Ombudsmanlar Assosiasiyasının vitse-prezidenti seçilib

Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva Asiya Ombudsmanlar Assosiasiyasının (AOA) Baş Assambleyasının Tatarıstan Respublikasının Kazan şəhərində keçirilmiş 17-ci iclasında Assosiasiyanın vitse-prezidenti seçilib.

Ombudsman Aparatının mətbuat xidmətindən bildirilib ki, iclasda çıxış edən Səbinə Əliyeva insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində ombudsman təsisatlarının mühüm rolunu vurğulayıb. O, AOA-nın Asiya qitəsində insan hüquqlarının daha səmərəli müdafiəsi, beynəlxalq hüququn norma və prinsiplərinə hörmətin təmin edilməsi sahəsində mühüm addımlar atdığını, həmçinin insan hüquqlarının qorunması və təşviqində mühüm rol oynayan ortaq dəyərlər və prinsiplər əsasında fəaliyyət göstərən ombudsman təsisatlarını birləşdirdiyini vurğulayıb.

Azərbaycan ombudsmanının çıxışı zamanı toxunduğu əsas mövzulardan biri AOA tərəfindən ombudsman təsisatları arasında yaradılmış səmərəli dialoq və şəbəkələşmə platforması olub. Səbinə Əliyeva bu Assosiasiyanın insan hüquqlarının müdafiəsi istiqamətində yeni əməkdaşlıq imkanları yaratdığını bildirib. O, çıxışının sonunda Assosiasiya üzvlərini insan hüquqlarının müdafiəsi sahəsində əldə etdikləri qabaqcıl təcrübələri bölüşməyə, həyata keçirilən fəaliyyətin təkmilləşdirilməsində bir-birinə dəstək verməyə dəvət edib.

About Author