Ağdam-Xankəndi yolunun açılması ilə bağlı razılığın əldə olunması Azərbaycanın növbəti qələbəsidir. Ermənistan və havadarları çox çalışdılar ki, bu yolun açılmasına mane olsunlar, lakin onların bu cəhdləri həmişəki kimi uğursuzluğa düçar oldu.
Bunu Milli Məclisin deputatı Afət Həsənova deyib.
O qeyd edib ki, Azərbaycan hər zamankı kimi, bu məsələdə də prinsipal və qətiyyətli mövqe ortaya qoydu, bütün təzyiqlərə və təxribatlara layiqli cavab verməklə haqlı mövqeyindən geri çəkilmədi və sonda öz məqsədinə nail oldu.
“Ağdam-Xankəndi yolunun açılması Qarabağdakı erməni separatçıların sonu deməkdir. Artıq separatçılar özləri də sonlarının çatdığını dərk edərək, ərazilərimizi tərk edirlər. Ağdam-Xankəndi yolunun açılması regionda sülhün bərqərar olması istiqamətində mühüm addımdır. Ermənistan və havadarları vəziyyəti gərginləşdirmək üçün separatçılara ciddi dəstək göstərirdilər, lakin indi onlar bu imkanlarını itirmiş olurlar”, – deyə deputat əlavə edib.
A.Həsənova vurğulayıb ki, regionda bütün proseslər Azərbaycanın müəyyən etdiyi gündəliyə uyğun baş verir.
“Azərbaycan Vətən müharibəsində tarixi zəfərini diplomatik müstəvidə də davam etdirir. Ermənistan və havadarları nə qədər Azərbaycana mane olmağa və təzyiq göstərməyə çalışsa da, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan bütün bunlara sinə gərir və öz haqlı mövqeyindən bir addım belə geri çəkilmir. Ermənistan isə müxtəlif təxribatlara əl atmaqla özünü daha çətin və biabrçı vəziyyətə salır”, – deyə A.Həsənova əlavə edib.