18 sentyabr – Milli Musiqi Gününün növbəti ənənəvi tədbiri Azərbaycan Milli Konservatoriyasında (AMK) keçirilib.
Tədbirdə Mədəniyyət Nazirliyinin məsul şəxsləri, tanınmış mədəniyyət və incəsənət xadimləri və digər qonaqlar iştirak ediblər.
Əvvəlcə AMK-nın rektoru Xalq artisti Siyavuş Kərimi çıxış edərək Üzeyir Hacıbəylinin adı ilə bağlı olan Milli Musiqi Gününün önəmindən, dahi bəstəkarın yaradıcılığından, Azərbaycan musiqisinin inkişafında xidmətlərindən danışıb: “Fikrimcə, dünyada ən yaxşı beş musiqi mədəniyyəti varsa, onlardan biri də qüdrətli Azərbaycan mədəniyyətidir. Musiqimiz səsləndirildiyi hər bir ölkədə böyük maraqla qarşılanır”.
Mədəniyyət nazirinin müavini Murad Hüseynov Üzeyir Hacıbəylinin doğum günü şərəfinə təsis olunan Milli Musiqi Gününün hər il təntənə ilə qeyd olunduğunu bildirib, bayram münasibətilə musiqisevərləri təbrik edib.
Daha sonra musiqi proqramı təqdim edilib.
Azərbaycan Milli Konservatoriyasının tələbələrindən ibarət “Buta” xalq çalğı alətləri orkestri (bədii rəhbər və dirijor Aysel Bağırova) tərəfindən Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operasından “Müqəddimə” təqdim edilib. Orkestrin müşayiəti ilə Əməkdar artist Təyyar Bayramov, xanəndələr Arzu Əliyeva və Aytən Məhərrəmovanın ifasında “Qarabağ şikəstəsi” səsləndirilib.