XƏBƏRLENTİ

xeberlenti.com

Qırğızıstanda Birinci Türk Dövlətçilik Tarixi Konqresi keçirilib

Qırğızıstanda Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş Birinci Türk Dövlətçilik Tarixi Konqresi keçirilib.

Tədbir Beynəlxalq Türk Akademiyası (BTA), Türk Tarix Qurumu, Atatürk Mədəniyyət, Dil və Tarix Yüksək Qurumu və Qırğız Respublikası Təhsil və Elm Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilib.

Qurultay Avrasiya tarixi və arxeologiyası ilə bağlı geniş spektrli mövzuları əhatə edən monoqrafik tədqiqatların nəşri, tarix və digər fənlər üzrə ekspertlər arasında qarşılıqlı əlaqələrin təmin edilməsi və tematik dövri nəşrlərdə materialların dərc edilməsi məqsədi daşıyıb.

Beynəlxalq konqresdə antik dövrdən müasir dövrə qədər olan dövrü əhatə edən türk dövlətlərinin tarixi ilə bağlı məsələlər xronoloji olaraq müzakirə edilib.

Konqresdə çıxış edən BTA-nın prezidenti, akademik Şahin Mustafayev rəhbərlik etdiyi qurumun fəaliyyətinin dilçilik, tarix, arxeologiya, etnoqrafiya, eləcə də humanitar və ictimai elmlərin bir neçə sahəsini əhatə etdiyini bildirib. O, tədbirin türk dövlətləri arasında qardaşlıq əlaqələrinin möhkəmlənməsinə töhfə verəcəyini vurğulayıb.

Qeyd edək ki, konqresdə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan, Monqolustan, Rusiya, Bolqarıstan, Ukrayna və digər ölkələrdən 50-dən çox türkoloq, Asiya, Avropa və Amerikadan tədqiqat mərkəzlərinin ekspertləri, diplomatik nümayəndələr iştirak ediblər.

About Author