XƏBƏRLENTİ

xeberlenti.com

Putin və Əliyev Qarabağda baş verən son prosesləri müzakirə ediblər – Yenilənib

Vladimir Putin Qarabağın erməni əhalisinin hüquqlarının və təhlükəsizliyinin təmin edilməsinin vacibliyini vurğulayıb.
Sentyabrın 21-də Azərbaycan tərəfinin təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
Prezident İlham Əliyev sentyabrın 20-də Qarabağda Rusiya sülhməramlı kontingentinin hərbi qulluqçularının faciəli şəkildə həlak olması ilə bağlı üzrxahlıq ifadə edib və dərin hüznlə başsağlığı verib. Baş verənlərlə bağlı hərtərəfli araşdırma aparılacağı və bütün təqsirkarların layiqli cəzalarını alacağı vurğulanıb. Bununla bağlı hər iki ölkənin baş prokurorluqları sıx əlaqədədir. Azərbaycan Prezidenti, həmçinin həlak olanların ailələrinə maddi yardım göstərilməsinə hazır olduğunu bildirib.
Tərəflər Qarabağda hərbi əməliyyatların tam dayandırılması ilə bağlı Rusiya sülhməramlı kontingentinin köməyi ilə əldə edilmiş razılaşmaların ardıcıl həyata keçirilməsinin vacibliyini qeyd ediblər. Bu kontekstdə sentyabrın 21-də Yevlax şəhərində Rusiya sülhməramlı kontingentinin iştirakı ilə Azərbaycanın dövlət strukturlarının nümayəndələri və Qarabağın erməni əhalisi arasında başlayan təmaslara böyük əhəmiyyət verilir.
Regionda vəziyyətin daha da sabitləşdirilməsi və humanitar problemlərin aradan qaldırılması üzrə prioritet addımlar müzakirə edilib. Vladimir Putin Qarabağın erməni əhalisinin hüquqlarının və təhlükəsizliyinin təmin edilməsinin vacibliyini vurğulayıb. Azərbaycan tərəfinin Rusiya sülhməramlıları ilə bu məsələlər üzrə qarşılıqlı fəaliyyətə hazır olduğu təsdiqlənib.
2020-2022-ci illərdə yüksək səviyyədə əldə edilmiş məlum üçtərəfli razılaşmaların fonunda aparılan danışıqlar prosesində, ilk növbədə, nəqliyyat əlaqələrinin açılması, Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası və Bakı ilə İrəvan arasında sülh müqaviləsinin hazırlanması üzrə işlərin fəallaşdırılması razılaşdırılıb.
***
Vladimir Putin və İlham Əliyev arasında telefon danışığı baş tutub.
Azərbaycan prezidenti rusiyalı sülhməramlıların həlak olması ilə bağlı üzrxahlıq edib və başsağlığı verib.
Prezident Əliyev Bakının həlak olmuş sülhməramlıların ailələrinə maddi yardım göstərməyə hazır olduğunu bildirib. Dövlət başçısı hadisənin tam araşdırılacığını qeyd edib.
İlham Əliyev və Vladimir Putin telefon danışığı zamanı Qarabağda atəşkəs razılaşmasının yerinə yetirilməsinin vacibliyini də qeyd ediblər.
Rusiya lideri Qarabağın erməni sakinlərinin təhlükəsizliyinin və hüquqlarının təmin olunmasının əhəmiyyətini vurğulayıb.
İlham Əliyev isə Bakının bu məsələlərdə sülhməramlı kontingentlə qarşılıqlı fəaliyyətə hazır olduğu qeyd edib.
Xatırladaq ki, sentyabrın 20-də Azərbaycanın Qarabağ bölgəsində xidmət aparan Rusiya sülhməramlılarının olduğu avtomobil Canyataq kəndi yaxınlığındakı müşahidə məntəqəsindən qayıdarkən atəşə tutulub.
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, hadisə nəticəsində hərbçilər həlak olub.
“Sentyabrın 20-də Canyataq kəndi ərazisində Rusiya sülhməramlı kontingentinin müşahidə məntəqəsindən qayıdarkən Rusiya hərbçilərinin olduğu avtomobil atıcı silahlardan atəşə tutulub. Atışma nəticəsində avtomobildə olan Rusiya hərbçiləri həlak olublar”, – deyə Rusiya MN-in məlumatında bildirilir.
Hərbi idarədən qeyd edilib ki, Rusiya və Azərbaycan istintaq orqanlarının nümayəndələri hadisənin bütün detallarını aydınlaşdırmaq üçün hadisə yerində işləyirlər.

About Author