XƏBƏRLENTİ

xeberlenti.com

Dövlət Xidməti 390 milyondan çox zərərli keçidi bloklayıb

Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən bu ilin birinci yarısında 391 milyon 630 min zərərli keçid bloklanıb, dövlət qurumlarında bu zərərli keçidlərin qarşısı alınıb.

Bunu Dövlət Qurumlarının İnformasiya Texnologiyaları rəhbərlərinin II Zirvə Toplantısında Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) idarə rəisi Tural Məmmədov “Görülən işlər, yeniliklər və gələcək planlar” mövzusunda çıxışında deyib.

T.Məmmədov bildirib ki, XRİTDX bu işi dövlət qurumları ilə bərabər görür, kiberhücumların qarşısı alınır. Bu indikatorlar sadəcə XRİTDX tərəfindən aşkarlanmır, həmçinin müştərək olaraq digər dövlət qurumlarının XRİTDX-yə yolladığı insidentlərin araşdırılması və indikatorların toplanması ilə aparılır:

“2023-cü ilin birinci yarısında Azərbaycanda dövlət domen adlarına bənzədilmiş saxta 52 domen aşkarlanıb”.

T.Məmmədov bildirib ki, bu domenlər artıq qeydiyyat zamanı xüsusi kiber kəşfiyyat alətləri ilə aşkarlanıb: “Müvafiq dövlət qurumları ilə birlikdə onların ölkə üzrə bloklanması tərəfimizdən həyata keçirilib. Onların bloklanması kifayət qədər çox kiberhücumların hazırlıq dönəmlərində bloklanması deməkdir”, – deyə T.Məmmədov əlavə edib.

About Author