XƏBƏRLENTİ

xeberlenti.com

Azərbaycan səfiri İtaliyanın “Radicale” radiosunda Qarabağ həqiqətlərindən danışıb –

Azərbaycanın İtaliyadakı səfiri Rəşad Aslanov bu ölkənin “Radicale” radiosuna müsahibəsində Qarabağ həqiqətlərindən danışıb.

Jurnalist Mariano Custinonun suallarını cavablandıran səfir Ermənistan silahlı qüvvələrinin qanunsuz birləşmələri tərəfindən ölkəmizə qarşı törədilmiş təxribatlar və mina terroru nəticəsində hərbi qulluqçuların və mülki şəxslərin həlak olmasının Azərbaycanın sentyabrın 19-da Qarabağ iqtisadi rayonundakı erməni silahlı qüvvələrinin birləşmələrinin tərk-silah edilərək çıxarılması, bölgədə təhlükəsizliyin təmin olunması və Azərbaycanın konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə lokal xarakterli antiterror tədbirlərini həyata keçirməyə məcbur etdiyini bildirib. Vurğulayıb ki, sentyabrın 20-də antiterror tədbirlərinin uğurla başa çatması nəticəsində Azərbaycan öz suverenliyini bərpa edib.

Rəşad Aslanov deyib ki, Azərbaycanda “Dağlıq Qarabağ” adlanan inzibati ərazi vahidi yoxdur. Azərbaycan Respublikasının suveren ərazisində Qarabağ iqtisadi rayonu mövcuddur və antiterror tədbirləri məhz burada həyata keçirilib. Antiterror tədbirlərinin hədəfi yalnız qeyri-qanuni hərbi birləşmələr və hərbi infrastruktur olub, mülki əhali və infrastruktur obyektləri hədəfə alınmayıb.

Bildirilib ki, sentyabrın 21-də Yevlax şəhərində Azərbaycanın mərkəzi hakimiyyətini təmsil edən rəsmilərlə Qarabağın erməni sakinlərinin nümayəndələri arasında görüş keçirilib, gələcək birgəyaşayış məsələsi müzakirə olunub. Azərbaycan hökuməti erməni sakinlərinin təhlükəsizliyinin, eləcə də bütün hüquqlarının təminatı üçün ölkə konstitusiyası və qanunları çərçivəsində zəmanət verib. Hazırda Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin reinteqrasiyası ilə bağlı tədbirlər həyata keçirilir.

Diplomat vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə Qarabağ bölgəsində sosial, humanitar, iqtisadi və infrastruktur məsələlərinin həlli məqsədilə İşçi qrupu yaradılıb, bu çərçivədə erməni sakinlər üçün çörək dolu avtomobil, ərzaq məhsulları və gigiyenik vasitələr göndərilib, onların ilkin tibbi yardım və qida ilə təmin olunması məqsədilə Ağdam, Füzuli və Kəlbəcərdə 1000 nəfərlik çadır düşərgələri qurulub. Hazırda Laçın-Xankəndi yolundan ərzaq və gündəlik tələbat mallarının keçidi təmin olunur.

R.Aslanov 30 ilə yaxın müddətdə Azərbaycan ərazilərinin 20 faizinin Ermənistan tərəfindən işğal edildiyini, azərbaycanlılara qarşı etnik təmizləmə həyata keçirildiyini, həmin ərazilərdən 750 mindən çox məcburi köçkünün və Ermənistandan 250 mindən çox qaçqının olduğunu və onların hələ də öz yurd-yuvalarına qayıtmağı gözlədiyini xatırladıb.

About Author