“İlk hədəfim NBA draftlarına qatılmaqdır”.
Bunu açıqlamasında Azərbaycan Basketbol Federasiyasının dəstəyi ilə sentyabrın 28-də ABŞ-yə yollanacaq gənclərdən ibarət millinin üzvü Hüseyn Qaflanov deyib.
Cənubi Kaliforniya Akademiyasında (SCA) təhsil alacaq 15 yaşlı idmançı oradakı hazırlıq kurslarında əsasən fiziki cəhətdən güclənmək üçün çalışacağını bildirib:
“Orada bunun üçün xüsusi proqramlar olacaq. 18-19 yaşlarında NBA draftlarına qatılmaq və yaxşı basketbolçu kimi yığmamızın əsas oyunçu olmaq niyyətindəyəm”.
2022-ci ildə Litvanın paytaxtı Vilnüsdə yerləşən NBA məktəbinə qəbul olan Qaflanov seçimini dəyişməsinin səbəbini də açıqlayıb:
“Oraya da yerli federasiyanın köməyi ilə getmişdim. Amma ABŞ-də atletik bacarıqları yüksəltmək və inkişaf etdirmək daha yaxşı olduğu üçün bu addımı atdım. Bu qərarı ortaq verdik, federasiya da mənə dəstək oldu. Potensialımı tam açmaq üçün ABŞ-yə göndərirlər. Onlara təşəkkür edirəm”.
Yeniyetmə basketbolçu karyerasındakı hədəflərindən də söz açıb:
“Boyumun daha da artması NBA draftlarında xüsusi rol oynaya bilər. Bu baş versə, şanslarım daha çox olacaq. Hər basketbolçu NBA-də çıxış etməyi arzulayır. Bu alınmasa, karyeramı Avropada davam etdirməyi qarşıma məqsəd qoyacağam”.