Son bir neçə ayda Ermənistanın Azərbaycan qarşı apardığı məqsədyönlü və planlı terror siyasəti lokal xarakterli antiterror tədbirləri qaçılmaz etmişdi.
Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə peşəkar və məsuliyyətli ordumuz mülki şəxsləri və infrastrukturu hədəf almadan, nöqtə atışları ilə legtim hərbi hədəfləri məhv etmişdir. Bunun nəticəsində qondarma rejim ağ bayraq qaldıraraq təslim olmuş və özünü buraxmışdır. Əgər 44 günlük müharibədən sonra ərazi bütövlüyümüzü bərpa etmişdiksə, 24 saatlıq antiterror tədbirləri nəticəsində suverenliyimizi bərpa etdik.
Hazırda Qarabağı tərk edən ermənilər ətrafında yeni çirkin kampaniya başladıblar. Bu gün biz, bəzi böyük dövlətlər və beynəlxalq təşkilatlardan 30 illik işğal müddətində gördüyümüz riyakarlığı, indi də müşahidə edirik. Hansısa dırnaq arası etnik təmizləmə ittihamları qəbul edilməzdir, biz bu ifadələri təhqir hesab edirik.
Azərbaycan Prezidenti xalqa müraciətində Qarabağda yaşayan sadə insanlara səslənərək bildirdi ki, onlar üçün yeni tarixi bir şans yaradılıb. Bu şansı əldən verməsinlər. Digər tərəfdən bu gün Qarabağı tərk etmək istəyən erməniləri də biz zorla saxlaya bilmərik, onlar azaddırlar, sərbəstdirlər.
Bizi dırnaq arası etnik təmizləmə ilə ittiham edənlərə bildirmək istəyirəm ki, etnik təmizləməyə məruz qalan biz – Qərbi Azərbaycanlılar olmuşuq. Buradan beynəlxalq təşkilatlara açıq formada bildiririk ki, Qarabağın erməni sakinlərinin reinteqrasiyası məsələsi pilot layihə deyil. Həmin xüsusi beynəlxalq həsasslıq biz – Qərbi Azərbaycanlılara da qarşı olmalıdır.
Qərbi Azərbaycan İcmasının dialoqa başlamaq və dədə-baba torpaqlarımıza təhlükəsiz və ləyaqətli qayıdışı təmin etmək üçün dəfələrlə çağırışlar etməyimizə baxmayaraq, Ermənistan hökuməti bizim Ümumdünya İnsan Hüquqları Bəyannaməsi, Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakt, Qaçqınların Statusu haqqında Konvensiya və digər vacib beynəlxalq aktlarda təsbit olunmuş fundamental qayıdış hüququmuzu həyata keçirməkdən imtina edir.
Bizim hüquqlarımıza qarşı açıq-aşkar etinasızlıq beynəlxalq ictimaiyyətin təcili və qətiyyətli cavabını tələb edir. Bizim geri qayıtmaq və Ermənistanda sərbəst hərəkət etmək hüququmuzun bərpası ümumbəşəri insan hüquqları və ədalət prinsiplərə hörmətin ən vacib şərtdir.
Qərbi Azərbaycanlıların hüquqlarının bərpası üçün təcili və güclü beynəlxalq müdaxilə zəruridir. Biz hesab edirik ki, bizim geri qayıtmaq hüququmuzun təmin edilməsi sülh və barışıq əldə etmək üçün beynəlxalq səylərin mərkəzində olmalıdır.
Milli Məclisin deputatı Kamal Cəfərov