Ulu öndər Heydər Əliyevin xilaskarlıq missiyası
Müstəqilliyin ilk illərində xalqımız qarşıya çıxan çətin problemlərin həllini, xilaskarlıq missiyasını Heydər Əliyevdə görürdü. 90-cı illərin əvvəlləri ölkəmizin müasir tarixində hərc-mərclik, özbaşınalıq və qeyri-peşəkar idarəetmə dövrü kimi xatırlanır. Dövlətin suveren mövcudluğuna təhdid yaradan bütün amillər həmin dövrdə dövlətə səriştəsiz və qeyri-peşəkar şəxslərin rəhbərlik etməsinə görə baş verirdi.
1993- cü ilin oktyabrın 3-də təyin edilmiş prezident seçkilərində xalqın mütləq əksəriyyətinin səsini qazanan Heydər Əliyev ölkə prezideni seçildi. Prezident seçilən Ulu öndər 1993- cü ilin oktyabrın 10-da dövlətə və xalqa sədaqət andı içərək Azərbaycanı böyük bəlalardan, faciələrdən hifz edəcəyini, ölkəni inkişaf, sabitlik, tərəqqi yoluna çıxaracağını bir daha bəyan etmiş oldu.
Ulu öndərin 1993-cü ilin oktyabrında dövlət başçısı seçilməsindən sonra müstəqil Azərbaycanın hüquqi və siyasi-iqtisadi suverenliyinin təmin olunması prosesi əsaslı şəkildə sürətlənmişdir. Ümummilli lider ilk növbədə, ölkədə ictimai-siyasi sabitliyin bərpası istiqamətində gərgin iş aparmış, qeyri-qanuni silahlı dəstələr zərərsizləşdirilmiş, respublikamızın sosial-iqtisadi yüksəlişinə yol açan ən mühüm amil kimi cəmiyyətdə ictimai-siyasi sabitlik bərqarar edilmişdir. Dövlət çevrilişinin qarşısı alınmış, Azərbaycan vətəndaş müharibəsi təhlükəsindən xilas edilmişdir. Müstəqil dövlətimizin ərazi bütövlüyünün bərpası və Ermənistan silahlı qüvvələrinin hücumlarının qarşısının alınması, ölkənin müstəqilliyinin qorunub saxlanılması üçün ordu quruculuğu istiqamətində kompleks tədbirlər həyata keçirilmişdir.
Xilaskarlıq missiyasını öz üzərinə götürən Heydər Əliyev Bakıda hakimiyyət davasının getdiyi bir dövrdə həyatını təhlükə altına ataraq dərhal Gəncəyə yollandı və bölgədə davam edən qiyamın qarşısını aldı. Vətəndaş müharibəsi və qardaş qırğınından Azərbaycanı xilas etdi. Taleyüklü məsələlərin həllində Ulu öndərin çevik və operativ qərar qəbul etməsi onun nə qədər böyük və təcrübəli şəxsiyyət olmasından xəbər verirdi.
Heydər Əliyev qlobal düşüncəli, geniş dünyagörüşlü fenomen bir siyasətçi idi. O, realist bir insan olaraq hadisələrə praqmatik yanaşırdı, tarixi şəraitdən düzgün istifadə edirdi, ölkənin taleyi üçün rasional qərarlar qəbul edirdi. O, beynəlxalq aləmdə balanslaşdırılmış siyasətin, xarizmatik liderliyin ustadı idi. Bu dahi siyasətçi bütün fəaliyyəti boyu müdrik insan, peşəkar rəhbər, ağıllı dövlət xadimi olduğunu təsdiq etmişdir. Ulu öndər Heydər Əliyev müzakirə olunan məsələnin mahiyyətini açmağa, mövzunu milli mənafe, dövlətçilik mövqeyindən təhlil etməyi ustalıqla bacarırdı. Ulu öndərin siyasi kursu dövlət müstəqilliyimizin qorunub saxlanılması və möhkəmləndirilməsi, Azərbaycanın beynəlxalq imicinin yüksəldilməsi, habelə sosial-iqtisadi tərəqqiyə nail olması kimi taleyüklü məsələlərdə uğurla sınaqdan çıxmışdır. Heydər Əliyev idarəetmənin ustadı, siyasətin kamil bilicisi kimi bütün dünyada məhşur idi. Ümummilli lider deyirdi ki, “Reallığı düzgün qiymətləndirən, zəngin təcrübədən yaradıcılıqla istifadə edən, sosial-siyasi və iqtisadi problemlərin bütün spektrini , mürəkkəbliyini nəzərə alan, qəbul olunan qərarların mümkün nəticəsini irəlicədən görməyə imkan verən siyasi xətt hökmən uğur qazanmalıdır. Belə siyasət cəmiyyətin sabitliyinə, irəliyə doğru hərəkətinə və tərəqqisinə xidmət edir”.
Ulu öndər bir ictimai-iqtisadi formasiyadan digərinə keçid dövründə respublikanın qarşısında duran strateji vəzifə və hədəfləri düzgün müəyyənləşdirmişdir. Dünyanın qabaqcıl dövlətlərinin təcrübəsində uğurla sınaqdan çıxmış müsbət inkişaf modellərinin potensialına müraciət edərək, ulu öndər onları Azərbaycan reallıqlarına adaptasiyasına müvəffəq olmuşdur. Heydər Əliyev qısa müddətdə ölkəyə investisiya axınını stimullaşdıran müasir innovativ inkişaf modelinin gerçəkləşdirilməsinə nail olmuşdur. Bu model özəl mülkiyyətçiliyə, sahibkarlığa, sərbəst rəqabətə yol açan, liberallığı özündə ehtiva edən və sosialyönümlü mahiyyət daşıyan iqtisadiyyat modeli idi.
Məhz Ulu öndərin dərin zəkası və uzaqgörənliyi nəticəsində, siyasi kursun düzgün istiqamətləndirilməsi sayəsində bugün Azərbaycan inkişaf yolu ilə irəliləyir. O siyasətin nəticəsidir ki, ölkəmiz suverenliyini tam bərpa etmişdir, o müdrikliyin nəticəsidir ki, Vətən torpaqları tam azaddır, o qətiyyətin nəticəsidir ki, bu gün Azərbaycan qalibdir və müzəffərdir!
Ulu öndər Heydər Əliyevin misilsiz xidmətləri daim qədirbilən xalqımızın qəlbində yaşayacaq, onun əziz xatirəsi həmişə ehtiramla anılacaqdır.
Mürvət İbrahimov,
Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin məsul işçisi, tarixçi