XƏBƏRLENTİ

xeberlenti.com

Hərbi prokuror: Azərbaycan Silahlı Qüvvələrində cinayət hadisələrinin sayı azalıb

Silahlı Qüvvələrdə ötən ilin birinci yarımili ilə müqayisədə 2023-cü ilin eyni dövründə qeydə alınmış qəsdən adam öldürmə cinayətləri 20 faiz, qəsdən adam öldürməyə cəhd cinayətləri 66,7 faiz, özünü öldürməyə cəhd hadisələri isə 75 faiz azalıb.

Bu barədə Hərbi Prokurorluqda keçirilən geniş kollegiya iclasında Hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyev bildirib.

Xanlar Vəliyev vurğulayıb ki, cinayət hadisələrinin, o cümlədən bu qəbildən olan cinayətlərin qarşısının alınması istiqamətində Hərbi Prokurorluğun aidiyyəti qurumlarla birgə fəaliyyəti bundan sonra da uğurla davam etdiriləcək.

Xatırladaq ki, Hərbi Prokurorluqda Müdafiə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət xidmətinin rəhbər vəzifəli şəxslərinin iştirakı ilə 2023-cü ilin birinci yarımilində Respublikanın Hərbi Prokurorluq orqanlarında qeydə alınmış qəsdən adam öldürmə, qəsdən adam öldürməyə cəhd və özünü öldürmə həddinə çatdırma cinayətləri üzrə ibtidai araşdırmaya prosessual rəhbərliyin vəziyyətinin, cinayət hadisələrinin baş verməsinin səbəb və şəraitinin, həmin cinayətlər üzrə istintaq təcrübəsi və məhkəmə nəticələrinin ümumiləşdirilməsinin müzakirəsinə həsr olunmuş geniş kollegiya iclası keçirilib.

About Author