XƏBƏRLENTİ

xeberlenti.com

Bakıda 5 milyonluq narkotik əməliyyatları – Saxlanılanlar var

Baş Narkotiklərlə Mübarizə İdarəsi son 1 ayda “qara” bazarda dəyəri 5 milyon manat olan 240 kiloqram narkotik vasitəni qanunsuz dövriyyədən çıxarıb.

Bu barədə  Daxili İşlər Nazirliyindən məlumat verilib.

İdarə əməkdaşları son 1 ayda qaçaqmalçılıq yolu ilə ölkəyə narkotik vasitələr göndərən mütəşəkkil dəstənin Azərbaycandakı üzvlərinə, eləcə də daxildə bu maddələrin satışını təşkil edən şəxslərə qarşı Bakı, və Respublikanın digər bölgələrində silsilə əməliyyatlar zamanı 53 nəfəri saxlayıb.

Əməliyyatlar zamanı qanunsuz dövriyyədən “qara” bazarda dəyəri 5 milyon manat olan ümumilikdə 240 kiloqram, o cümlədən 91 kiloqram heroin, 78 kiloqram tərkibi psixotrop maddələrlə zənginləşdirilən marixuana, 40 kiloqram metamfetamin, 31 kiloqram tiryək, həşiş qətranı, kokain, eləcə də digər növdən olan narkotiklər, 4560 ədəd psixotrop tərkibli metadon, lirika, preqabalin həbləri, 162 ədəd kultivasiya yolu ilə yetişdirilən, habelə 4635 ədəd yabanı halda bitən çətənə kolu, 1 ədəd odlu silah, çoxlu sayda elektron tərəzilər və narkotiklərin onlayn satışı zamanı istifadə edilən bank kartları çıxarılıb.

Bu sahədə Baş İdarə əməkdaşlarının həyata keçirdikləri sonuncu əməliyyatlar zamanı mütəşəkkil dəstənin üzvləri – Arif Hümbətov, Fərid Baxışov, Mirəli Cəfərli və Mirməhərrəm Əzizli saxlanılıblar. Onlardan ümumilikdə 43 kiloqram narkotik vasitə və psixotrop maddə olan metamfetamin aşkar edilib. Bu şəxslər İrandan qanunsuz yollarla göndərilən narkotiklərin əsas tədarükçülərindən olublar.

Qeyd edilən dövrdə Baş İdarənin cənub bölgəsində keçirdiyi əməliyyatlar zamanı isə ölkə ərazisində narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən daha 5 nəfər – Elxas Əliyev, Zaur Salayev, Sabir Şəfiyev, Vüqar Süleymanov və Əhməd Ömərov da tutularaq istintaqa təqdim ediliblər. Onlardan isə ümumilikdə 63 kiloqram narkotik vasitə və psixotrop maddə aşkar edilib.

Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib

 

About Author