NBC News-un məlumatına görə, Ukrayna, İsrail, Tayvan və ABŞ sərhədinin mühafizəsi üçün nəzərdə tutulan 100 milyard dollarlıq paketin əsas hissəsi Kiyevə gedəcək.
NBC News telekanalı öz mənbələrinə istinadən xəbər verir ki, ABŞ prezidenti Co Bayden Konqresdən Ukraynaya yardım kimi təxminən 60 milyard dollar ayırmağı xahiş etməyi planlaşdırır. Mənbələrin məlumatına görə, Ukrayna, İsrail, Tayvan və ABŞ sərhədinin mühafizəsi üçün nəzərdə tutulan 100 milyard dollarlıq paketin əsas hissəsi Kiyevə gedəcək. Telekanal bildirib ki, paket hələ razılaşdırılmayıb, lakin Bayden bunu bu həftənin sonunda elan etməyi planlaşdırır. “Foreign Policy” jurnalı daha əvvəl rəsmilərə istinadən bildirib ki, Bayden administrasiyasının bu həftənin sonunda Konqresə İsrail, Ukrayna və Tayvana hərbi yardımı birləşdirən qanun layihəsi təqdim edəcəyi gözlənilir. Qanun layihəsi həmçinin ABŞ sərhədlərinin mühafizəsinin maliyyələşdirilməsini nəzərdə tutur. Bununla belə, adı açıqlanmayan ABŞ qanunvericisi jurnala deyib ki, belə bir qanun layihəsi Nümayəndələr Palatasında problemlə üzləşə bilər, çünki bəzi respublikaçılar yardımın birləşdirilməsinin əleyhinədirlər. Nümayəndələr Palatasında İsrailə dəstək və sərhədlərin mühafizəsi mübahisələndirilməsə də, Ukraynaya əlavə yardım ideyası ABŞ-ın Ukrayna üçün kifayət qədər işlər gördüyünü düşünən Nümayəndələr Palatasının bəzi respublikaçıları tərəfindən bəyənilmir.