XƏBƏRLENTİ

xeberlenti.com

Tədarük narahatlığı nefti bahalaşdırır

İsrailin Qəzzaya hücumlarının artmasına baxmayaraq, ABŞ Federal Ehtiyat Sisteminin iclası ərəfəsində investorların ehtiyatlı davranması nəticəsində neft dünən 3%-dən çox ucuzlaşıb.
 Dünya birjalarında neft qiymətləri 3%-dən çox ucuzlaşdıqdan sonra bu gün bahalaşıb.
Bahalaşmanın səbəbi Yaxın Şərqdə baş verən münaqişə ilə bağlı tədarük narahatlıqlarıdır. Digər tərəfdən, Çində oktyabr ayında gözləniləndən daha aşağı istehsal məlumatları yanacağa tələbatın azalacağı narahatlığını artırıb. Tələbatın azalması qiymətləri ucuzlaşdırır. Lakin Yaxın Şərqdə baş verən münaqişə Çindəki məlumatları kompensasiya edib.
“Brent” markalı neft 36 sent və ya 0,41% artaraq 87,81 dollar, ABŞ-nin Qərbi Texas markalı nefti 34 sent və ya 0,41% artaraq 82,65 dollar olub.
“Azeri Light” markalı Azərbaycan nefti isə 0,6 dollar, yaxud 0,65% azalaraq 91,65 dollar təşkil edib.
Qeyd edək ki, İsrailin Qəzzaya hücumlarının artmasına baxmayaraq, ABŞ Federal Ehtiyat Sisteminin iclası ərəfəsində investorların ehtiyatlı davranması nəticəsində neft dünən 3%-dən çox ucuzlaşıb.
Bundan başqa, ABŞ Federal Ehtiyat Sisteminin iclasında faiz dərəcələrinin sabit qalma ehtimalının yüksək olmasına baxmayaraq, bazarlar da iclası yaxından izləyir ki, bu da yanacaq tələbinə təsir edir.
Xatırladaq ki, Səudiyyə Ərəbistanı iyul ayından etibarən həyata keçirilən gündəlik neft hasilatının könüllü olaraq 1 milyon barel azaldılmasını ilin sonuna qədər davam etdirəcəyini açıqlayıb. Həmçinin Rusiya Baş nazirinin müavini Aleksandr Novak ilin sonuna qədər neft ixracını könüllü olaraq gündəlik 300 min barel azaldılacağını bildirib.
Həm Beynəlxalq Enerji Agentliyi, həm də Neft İxrac Edən Ölkələr Təşkilatı ilin sonuna qədər davam edə biləcək tədarük kəsiri ilə bağlı narahatlıqlarını ifadə edib.
“Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.
2022-ci ildə “Azeri Light” markalı neftin bir barelinin orta satış qiyməti 103,58 dollar təşkil edib. 2021-ci ilin göstəricisi ilə müqayisədə ötən il “Azeri Light” nefti 44,6% bahalaşıb.
2022-ci il ərzində “Azeri Light” markalı neftin ən yüksək qiyməti 8 mart tarixində bir barel üçün 135,99 dollar, ən aşağı qiyməti isə 8 dekabr tarixində 78,07 dollar olub.

About Author