XƏBƏRLENTİ

xeberlenti.com

Bu il Azərbaycanda yol qəzalarında 627 nəfər ölüb

Bu ilin yanvar-sentyabr aylarında 1204 və ya 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 4,4 faiz az yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Qeyd olunub ki, bu hadisələr nəticəsində zərər çəkən şəxslərin sayı 2,2 faiz azalaraq 1661 nəfər olub. Onlardan 627-si həlak olub, 1034-ü isə yaralanıb. Hadisələrin 43,6 faizi gündüz, 39,6 faizi gecə, 16,8 faizi isə toran vaxtı baş verib, 29,8 faizi həftənin şənbə və bazar günlərinə təsadüf edib.

Yol-nəqliyyat hadisələrinin 87 faizi yaşayış məntəqələrində baş verib, bu hadisələr nəticəsində həlak olanların sayı ötən ilin müvafiq dövrünə nisbətən 6,8 faiz artaraq 454 nəfər, yaralananların sayı isə 1,1 faiz azalaraq 981 nəfər olub.

Bütün yol-nəqliyyat hadisələrinin 40 faizi bir neçə nəqliyyat vasitəsinin, 36,8 faizi nəqliyyat vasitələrinin və piyadaların, 23,2 faizi isə bir nəqliyyat vasitəsinin iştirakı ilə baş verib. Yol-nəqliyyat hadisələri nəticəsində həlak olanların 74,8 faizini, yaralananların isə 72,8 faizini kişilər təşkil edib.

Nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən ölümlə və ya bədən xəsarəti alınması ilə nəticələnən 18 hadisə baş verib, nəticədə 5 nəfər həlak olub, 21 nəfər yaralanıb. Hadisələrin 15-i minik avtomobillərinin sürücüləri tərəfindən törədilib.

About Author