Məişət zorakılığının qarşısının alınması sahəsində tədbirlərin monitorinqi və əlaqələndirilməsi həyata keçiriləcək.
Xeberlenti.com xəbər verir ki, bu, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclasında müzakirəyə çıxarılan “Məişət zorakılığının qarşısının alınması haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, məişət zorakılığının qarşısının alınması sahəsində hüquqi, sosial xarakterli və qabaqlayıcı tədbirlərin monitorinqi və əlaqələndirilməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanları tərəfindən həmin tədbirləri həyata keçirən dövlət orqanlarının nümayəndələrindən ibarət monitorinq və əlaqələndirmə qrupları yaradılır. Həmin qrupların fəaliyyətinə qeyri-hökumət təşkilatlarının nümayəndələri, mütəxəssislər və ekspertlər də cəlb oluna bilərlər.
Məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qruplarının fəaliyyət qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.
Müvafiq icra hakimiyyəti orqanı monitorinq və əlaqələndirmə qruplarına metodoloji dəstək göstərir.